Accessibility links

Rəsmi Bakı: Azərbaycan 10 erməni hərbçini azad edib, Ermənistan mina xəritələrini Azərbaycana verib


Azərbaycan dekabrın 4-də 10 nəfər erməni hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, təhvil verilən şəxslər bu il, noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın “dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb.”

“Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsin və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini də təmin edib.”

Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, aparılan danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.

“Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk,” Dövlət Təhlükəsizliyi Xidməti bildirir.

Ermənistan tərəfi hələ bu məlumata münasibət bildirməyib.

Noyabrın 16-da Azərbaycan Ermənistan sərhədində artilleriyanın tətbiqi də daxil olmaqla lokal döyüşlər olub. Döyüşlər Rusiyanın təşəbbüsü ilə dayandırılıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Azərbaycan Ordusunun 7 hərbçisi həlak olub, 10 hərbçisi yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı bu ölkənin 6 hərbçisi həlak olub, 13 hərbçisi əsir düşüb, 18 əsgərinin taleyi məlum deyil.

XS
SM
MD
LG