Accessibility links

Azərbaycan 2823, Ermənistan 3330 hərbçisinin həlak olduğunu bildirib


Son hərbi əməliyyatlar zamanı Azərbaycan 2823, Ermənistan isə 3330 hərbçisinin həlak olduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyi son dəfə ötən il dekabrın 28-də həlak olan hərbi qulluqçuların siyahısını yeniləyib. Belə ki, nazirlik dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkillərini təqdim edib, adları, soyadları, hərbi rütbələri və doğum tarixi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi həlak olan 2802 hərbçinin adlarını açıqlamışdı.

Ermənistan Səhiyyə Nazirliyi isə indiyədək döyüşlərdə həlak olan 3330 nəfərin şəxsiyyətinin müəyyən edildiyini bildirib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan yanvarın 2-də bildirib ki, Qarabağda sentyabr ayında başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfinin inidyədək 3330 nəfər hərbçisini itirdiyi məlumdur.

"1 yanvar tarixinədək 3330 cəsədin məhkəmə-tibbi ekspertizası aparılıb. Müharibənin başlanğıcından bəri ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün cəsədlər və qalıqlardan 1441 nümunə götürülüb, 871 nümunə araşdırma mərhələsindədir," Nikoqosyan yazıb.

Onun sözlərinə görə, son 10 gündə 436 cəsəd ayırd edilib ki, onun da 66-sı son 10 gündə tanınıb.

"Məhkəmə-tibbi ekspertiza üzrə elmi-praktiki mərkəzin mütəxəssisləri ölənlərin cəsədlərinin araşdırılması və şəxsiyyətinin müəyyənləşdirilməsini davam etdirir," Nikoqosyan bildirib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

2021-ci ilin yanvarında Ağdam şəhərində Türkiyə-Rusiya Monitorinq Mərkəziinin fəaliyyətə başlayacağı bildirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG