Accessibility links

Azərbaycan Ermənistanın 30 hərbçisinin cəsədini təhvil verib


“Bu gün Azərbaycan döyüş meydanında qalan 30 erməni əsgər və zabitinin meyitini Ermənistan tərəfinə təhvil verib.”

Bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 29-da Azərbaycanda akreditə olunan diplomatik korpusun nümayəndələri ilə birgə Bərdə və Tərtər rayonlarında Ermənistan Ordusunun artilleriya zərbələri nəticəsində zərər çəkən insanlara baş çəkdikdən sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan 2 nəfər yaşlı erməni də qarşı tərəfə verilib.

“Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Biz bu xüsusda Rusiya Müdafiə Nazirliyinin və şəxsən Rusiya müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarı ilə öz vətəndaşlarının, əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq vermişdir. Biz Rusiya müdafiə naziri Sergey Şoyqunun bu prosesdə dəstəyini yüksək qiymətləndirməklə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi, ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycanın humanitar dəyərlərə, beynəlxalq humanitar hüquqa, Cenevrə konvensiyasına sadiqliyini nümayiş etdirir. İki ölkə arasında yaradılmış humanitar koridor vasitəsilə bu əməliyyat həyata keçirilib,” prezidentin köməkçisi qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkədəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

“Biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk,” nazirliyin məlumatında deyilir.

Yerevanın 30 erməni əsgər və zabitinin meyitini təhvil aldığını Ermənistan Müdafiə Nazirliyi təsdiq edib.

Cəsədlər Ermənistanın Tavuş rayonunun Aygepar kəndi yaxınlığında təhvil verilib.

Həmçinin, Hadrutdan olan 85 yaşlı Yevgeniya Babayan erməni tərəfinə təhvil verilib. Amma yataq xəstəsi yaşlı kişi, Mişa Melkumyanın təhvil verilməsi hələ mümkün olmayıb. O, Gürcüstan ərazisindən Ermənistana aparılır.

"Biz humanitar atəşkəs çərçivəsində əldə olunan razılaşmalara sadiq qalaraq Artsax (Dağlıq Qarabağ-red) ərazisindəki Azərbaycan hərbçilərinin cəsədlərini Azərbaycan tərəfinə təhvil verməyə, döyüş əməliyyatları nəticəsində neytral zonada qalan hərbçilərin cəsədlərinin çıxarılması prosesinə başlamağa, habelə məlumat mübadiləsi və hərbi əsirlərin mübadiləsini mümkün sayır," Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Ermənistan İstintaq Komitəsi bildirib ki, Azərbaycanda azı 17 erməni hərbçisi əsirlikdədir.

Ermənistan Silahlı Qüvvələrinin oktyabrın 27-də və 28-də Azərbaycanın Bərdə rayonunun ərazisinə kasetli raket mərmiləri ilə zərbə endirməsi nəticəsində 21 nəfər mülki vətəndaş həlak olub, 83 nəfər yaralanıb. Ümumilikdə Ermənistanın artilleriya zərbələri nəticəsində Azərbaycanın 90 mülki vətəndaşı həlak olub.

Azərbaycan və Ermənistan oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın, oktyabrın 27-də ABŞ-ın təşəbbüsü ilə humanitar atəşkəs barədə razılığa gəlib. Amma tərəflər döyüş əməliyyatını davam etdirir.

Azərbaycan bir neçə gün öncə birtətəfli qaydada Ermənistan hərbçilərinin meyitlərini qaytarmq barədə təklif verib. Lakin Ermənistan bu təklifi qəbul etmirdi.

Oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə, hər bir tərəf 2000-dən çox insan itirib.

"Ümumilikdə ölənlərin sayı 5000-ə yaxındır," Putin qeyd edib.

Prezident İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib ki, erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralananlar isə müharibədə bir qayda olaraq, 2-3 dəfə çox olur.

“Bizim itkilərə gəlincə, mən yenə dedim ki, biz onları sonra açıqlayacağıq. Lakin deməliyəm ki, onlar xeyli azdır. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, hesab edirəm ki, hər bir insan həyatı dəyərlidir, lakin bütün bunlarla bərabər, bizim itkilərimiz minimaldır,” dövlət başçısı qeyd edib.

Ermənistan hərbi rəsmiləri isə bildirib ki, oktyabrın 28-dək Azərbaycan Ordusu döyüşlər zamanı 6,749 hərbiçisini itirib.

Bununla yanaşı, Ermənistan oktyabrın 29-da daha 51 hərbçisinin öldürüldüyünü və ümumilikdə 1,119 hərbçisini itirdiyini bildirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Şərhlərə bax

XS
SM
MD
LG