Accessibility links

Azərbaycan 5 erməni, Ermənistan 1 azərbaycanlı hərbi əsiri qaytarıb


Yanvarın 28-də Azərbaycan və Ermənistan arasında növbəti əsir mübadiləsi baş tutub.

Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov altı hərbçinin evlərinə döndüyünü deyib.

Muradov bildirib ki, Rusiya hərbi təyyarəsi Yerevandan bir azərbaycanlı hərbi əsiri Bakıya gətirib və beş erməni əsiri isə eyni təyyarə ilə Yerevana aparıb.

Ermənistan mediasının məlumatına görə, yanvarın 28-də Azərbaycanda həbsdə olan daha üç erməni məhbus Ermənistandakı qohumları ilə telefonla əlaqə saxlayıb. Bunlar ötən il dekabrın əvvəlində Hadrut qəsəbəsi ətrafında əsir götürülən 62 nəfər əsirlərdəndir.

Hərbi əməliyyatların dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderləri üçtərəfli bəyanat imzaladıqdan sonra Bakı 49 və Yerevan isə 15 əsiri qaytarıb.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və bu, 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın.

Birgə bəyanatda həmçinin hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması əksini tapıb.

XS
SM
MD
LG