Accessibility links

Azərbaycan 5, Ermənistan 1 hərbi əsiri qaytarıb


Fevralın 9-da Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi olub.

Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov bildirib ki, Bakıya bir, Yerevana isə beş əsir çatdırılıb.

"Bu gün əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mənim şəxsi nəzarətim altında sülhməramlılar tərəfindən aparılan iş nəticəsində Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə Bakıya bir əsir çatdırılıb və beş əsir Yerevana qaytarılıb," Muradov deyib.

O, Rusiya sülhməramlılarının Qarabağ üzrə üçtərəfli razılaşmanın həyata keçirilməsinə töhfə verməyə davam edəcəklərini bəyan edib.

Bundan öncə yanvarın 28-də Azərbaycan və Ermənistan arasında əsir mübadiləsi baş tutub. Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov altı hərbi əsiri Yerevana, bir hərbi əsiri isə Bakıya gətirib.

Hərbi əməliyyatların dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderləri üçtərəfli bəyanat imzaladıqdan sonra Bakı 54 və Yerevan isə 16 əsiri qaytarıb.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və bu, 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Bu il yanvarın 30-da münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılıb.

Birgə bəyanatda həmçinin hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması əksini tapıb.

XS
SM
MD
LG