Accessibility links

Azərbaycan-ABŞ münasibətləri mövzusunda beynəlxalq vebinar keçirilib


Dekabrın 16-da Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və ABŞ-ın Xəzər Siyasi Mərkəzinin (XSM) təşkilatçılığı ilə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı beynəlxalq vebinar keçirilib.

BMTM-nin mətbuat xidmətinin məlumatına görə, tədbirdə ABŞ-ın Azərbaycandakı keçmiş səfirləri Robert Sekuta, Riçard Morninqstar, tanınmış ekspert Svante Kornell və digərləri çıxış edib. Çıxışların əsas leytmotivi Cozef Baydenin hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri olub.

XSM icraçı direktoru Əfqan Nifti tədbiri açaraq bildirib ki, təmsil etdiyi təşkilat ABŞ-Azərbaycan münasibətlərinin tədqiqinə, o cümlədən regionda, Xəzər hövzəsində baş verən hadisələrə böyük əhəmiyyət verir. Bu baxımdan ABŞ administrasiyasında dəyişiklik və Qarabağda silahlı münaqişə fonunda ABŞ-Azərbaycan münasibətlərinin müzakirəsinə ehtiyac var.

BMTM rəhbəri Fərid Şəfiyev bildirib ki, İkinci Qarabağ Müharibəsi və Azərbaycanın öz ərazi bütövlüyün bərpa etməsi ilə regionda yeni geosiyasi reallıq formalaşıb. Onun fikrincə, Minsk Qrupunun fəaliyyəti indiki dövrdə formal xarakter daşıyır.

XSM iqtisadi və enerji proqramları üzrə rəhbəri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta ABŞ-ın Azərbaycanla ənənəvi olaraq təhlükəsizlik, energetika, iqtisadi münasibətlər və qanunun aliliyi, insan hüquqları sahəsində əməkdaşlığı hər zaman prioritet seçdiyini və münasibətlərin uzun illər bu istiqamətdə inkişaf etdiyini bildirib.

O qeyd edib ki, Donald Tramp administrasiyası regionda aktivlik nümayiş etdirməyib.

“Coğrafi mövqeyini nəzərə alsaq, Azərbaycan regionda xüsusi rol oynayır. Əsasən hər zaman Rusiya və İranın yaxınlığını nəzərə almaq lazımdır. Azərbaycan, həmçinin Avropa və Asiya arasında bağlantı rolunu oynayan vacib mərkəzə çevrilib,” səfir Sekuta deyib.

O qeyd edib ki, bu yaxınlarda Qarabağda baş verən hadisələr regiondakı vəziyyəti kəskin şəkildə dəyişib, lakin ABŞ bu prosesdə heç bir rol oynamayıb.

Sekutanın fikrincə, ABŞ-ın yeni administrasiyası yaxın illərdə regiondakı siyasətinə yenidən baxa bilər. O əlavə edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülhə kömək edə bilər.

Atlantik Şurada Qlobal Enerji Mərkəzinin direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar ümidvar olduğunu bildirib ki, Co Bayden administrasiyası Azərbaycana və bütövlükdə regional proseslərə daha çox cəlb olunacaq. Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı Azərbaycan böyük nailiyyət əldə edib və illər sonra ərazisinin böyük hissəsini azad etməyə nail olub. O, münaqişənin tam şəkildə başa çatmasını arzulayıb ki, bu da Ermənistan da daxil olmaqla, bütün ölkələrin maraqlarına cavab verir.

Heritage Foundation xarici siyasət araşdırmaları üzrə Allison Mərkəzinin direktoru Lyuk Koffi ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri baxımından bir sıra təkliflərlə çıxış edib. O bildirib ki, ABŞ-ın yeni administrasiyası daha çox rəsmi şəxslərin Azərbaycana səfərlərinin təşkil olunmasına diqqət verməlidir.

O həmçinin münaqişə zonasının və Gürcüstanın yaxınlığında yerləşən Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncədə ABŞ konsulluğunun açılmasının vacibliyini vurğulayıb. Ekspertin sözlərinə görə, bu, ABŞ-ın vəziyyəti daha yaxşı anlamasına imkan verəcək. O həmçinin bildirib ki, ABŞ Ermənistan ilə Azərbaycanın yaxınlaşması istiqamətində səylərini artırmalıdır.

Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramı birgə Mərkəzinin direktoru Svante Kornell ABŞ və Azərbaycan kağız üzərində yaxın tərəfdaşlardır, amma bu, belə deyil. O, vəziyyətin yaxın gələcəkdə dəyişəcəyinə əmin deyil. Onun sözlərinə görə, Amerika-Azərbaycan münasibətləri Obama administrasiyasının dövründə ən pis səviyyədə olub və bu işdə Azərbaycana qarşı mənfi mövqe tutan administrasiya rəsmiləri böyük rol oynayıblar. ABŞ-dakı erməni diasporunun rolu da əhəmiyyətlidir. Lakin düşünürəm ki, bu yanaşma dəyişməlidir və ABŞ daha real mövqedən çıxış etməlidir," Kornell qeyd edib.

O, Trampın prezidentliyi dövründə qəbul edilmiş Mərkəzi Asiya üçün strategiyanın davam edəcəyinə ümidvar olduğunu bildirib və bu strategiyada Azərbaycanın mühüm rol oynadığını qeyd edib.

Qarabağ münaribəsinin yekunlarına toxunan Kornell deyib ki, Azərbaycan uğurlarını planlaşdırdığı prioritetlər və iqtisadi inkişaf nəticəsində əldə edib. “Biz bu yanaşmanı həm müharibədə, həm də ölkənin daxili və xarici siyasətində görürük. ABŞ bunu nəzərə almalıdır,” Kornell vurğulayıb.

XS
SM
MD
LG