Accessibility links

Azərbaycan Abxaziyada keçirilən prezident seçkilərini tanımır


Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində martın 22-də keçirilən prezident seçkilərini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliynin bəyanatında deyilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və martın 22-də Gürcüstanın Abxaziya bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

"Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir," bəyanatda qeyd edilir.

Azərbaycan bundan öncə də Abxaziyada keçirilən seçkiləri tanımadığı barədə bəyanatlarla çıxış edib.

Abxaziya Gürcüstanın şimal-qərbində yerləşən bölgədir. 1992-ci ildən etibarən baş verən münaqişə nəticəsində Gürcüstanın nəzarətindən çıxıb. Hazırda Gürcüstan Abxaziya və Cənubu Osetiya bölgələrinə nəzarət edə bilmir.

Abxaziya özünü müstəqil dövlət hesab edir. Onun müstəqilliyini 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya və ona müttəfiq olan bir neçə ölkə tanıyıb. Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələri Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.

Gürcüstan hökuməti, ABŞ və Avropa Birliyi Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğal edildiyini bəyan edib.

XS
SM
MD
LG