Accessibility links

Azərbaycan Ali Məhkəməsinin Plenumunun NİDA-çılarla bağlı qərarı - reaksiyalar 


Noyabrın 19-da Azərbaycan Ali Məhkəməsinin Plenumu “NİDA”-çıların işi üzrə məhkum olunmuş şəxslərdən 4 nəfərə bəraət verilməsi barədə qərar çıxarıb. Bu barədə məlumat verən vəkil Əsabəli Mustafayev qərarın ölkədə hüquq sistemində dəyişikliklərin dərinləşməsinə ümid yaratdığını bildirib.

Hüquq müdafiəçisi Samir Kazımlı Ali Məhkəmənin bu qərarını müsbətə doğru kiçik bir addım hesab etsə də, eyni zamanda yarımçıq addım kimi qiymətləndirib.

Samir Kazımlı
Samir Kazımlı

“Məmmədli Qrupu”na daxil olan şəxslərin çoxu ilə bağlı eyni qərar hələ də verilməyib. Bu qrupa daxil olan keçmiş siyasi məhbus Qiyas İbrahimə isə Avropa Məhkəməsi tərəfindən kəsilən kompensasiya da Azərbaycan hökuməti tərəfindən ödənilmir. Görünən odur ki, belə qərarların verilməsi üçün Azərbaycan hakimiyyəti özü ortaya siyasi iradə qoymur. Xeyli vaxtdır ki, Avropa Şurasının Nazirlər Komitəsi bu işlərə baxılması üçün çağırışlar edirdi, bu qərar da onun nəticəsidir. Nazirlər Komitəsinin çağırışları olmasaydı, Ali Məhkəmənin də belə qərarları olmayacaqdır. Avropa Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlı Azərbaycan liderlik edir,” o bildirib.

Onun fikrinə görə Azərbaycan hakimiyyəti üzərinə götürdüyü öhdəliklərə hörmət edərək Avropa Məhkəməsinin qərarlarını tam, hərtərəfli icra etməlidir.

“Belə olan halda, Azərbaycan hakimiyyətinin müsbətə doğru böyük addımlarından danışmaq olar. Təəssüf ki, indi bu baş vermir” - deyə, o bildirib.

Öz növbəsində siyasi fəal Bəxtiyar Hacıyev də Ali Məhkəmənin pleniumunun bu qərarına münasibət bildirib.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

“Bu gün Ali Məhkəmə illər əvvəl cinayətkar kimi təqdim etdiyi 4 şəxsə bəraət verib. Hansı ki, həmin dövrdə küçədə 5 yaşlı uşaq da o gənclərin günahsız olduqlarını, cinayətkar olmadıqlarını, siyasi sifarişlə həbs olunduqlarını bilirdi. İndi isə 3 ildir həbsdə saxlanan, 2 həftədən artıqdır ki, həbsxanada aclıq aksiyası keçirən, 1-ci Qarabağ Müharibəsi iştirakçısı, Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin də, öz övladlarını dolandırmaq üçün məişət tullantılarını toplayıb, çeşidləyib, satışı ilə məşğul olan Aqil Hümbətovun da günahsız olduğunu, cinayətkar olmadıqlarını hamı bilir. Amma iqtidar hər ikisini qatı cinayətkar kimi həbsdə saxlamağa davam edir”, o qeyd edib.

Onun fikrinə görə, cəmiyyət olaraq belə insanlara dəstək ifadə etməli, onların haqqı olan azadlıqlarını tələb edilməldir ki, gələcəkdə heç kim şərlənərək həbs olunmasın.

“Heç kim deməsin ki, ədalətsiz hökmdən kimsə sığortalanıb. Ədalətsiz məhkəmələri olan ölkədə heç kim, nə nazir, nə səfir, nə prokuror, nə başçı, nə deputat, nə biznesmen, nə milyoner, nə milyarder belə həbslərdən sığortalanmayıb. Saleh bəy də, Aqil bəy də, digər bütün siyasi məhbuslar da azadlığa buraxılmalıdırlar”, Bəxtiyar Hacıyev bildirib.

Hüquqşünas Xalid Ağaliyev bu qərarı şikayətçilərin tələbləri baxımından da adekvat qərar hesab olunduğunu deyir.

Xalid Ağaliyev
Xalid Ağaliyev

“Düşünmək olar ki, onlara dəymiş maddi, mənəvi və digər zərərləri aradan qaldırır. Eyni zamanda Ali Məhkəmənin hüquqlarının pozuntusu Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM)səviyyəsində tanınmış ərizəçilərə münasibətdə ayrı-seçici yanaşması da aradan qaldırılmalıdır” - deyə, o bildirib.

Hüquqşünas hesab edir ki, barəsində AİHM qərarı olan bütün ərizəçilərin işlərinə, məhz bugünkü qərarda tətbiq edilən prinsiplərin əsasında yenidən baxılmalıdır.

“Yalnız Avropa Konvensiyasının 18-ci maddəsinin pozunutusunun tanındığı işlər üzrə Ali Məhkəmə səviyyəsində bəraət və təzminat qərarlarının verilməsi təcrübəsi doğru deyil. Bu təcrübədən belə çıxır ki, ifadə azadlığı hüququndan istifadə etməsini əngəlləmək üçün kimisə həbs etmək olar, ancaq seçki hüququndan istifadə etməsini önləmək üçün həbs etmək olmaz? Bəraət almağı, zərərin ədalətli əvəzinin təmin olunmasını Konvensiyanın 18-ci maddəsinin pozuntusu faktına bağlamaq təcrübəsi yanlışdır, Avropa Məhkəməsi alətindən istifadənin faydalarını kölgə altına alır”, Xalid Ağaliyev qeyd edib.

XS
SM
MD
LG