Accessibility links

Azərbaycan aprelin 27-dən karantin rejimini yumşaldır


Karantin
Karantin

Azərbaycan Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin bir qismən yumşaldılması barədə qərar qəbul edib.

Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim mayın 4-dək davam edəcək.

65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə 8103 nömrəsinə SMS məlumat göndərilməlidir. Yalnız SMS sorğusuna müsbət cavab aldıqdan sonra 2 saat müddərində küçəyə çıxmaq mümkündür.

Nazirlər Kabinetinin bu gün, aprelin 24-də qəbul etdiyi qərara görə, aprelin 27-dən “ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

Qərara görə, aprelin 27-dən həmçinin fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla), kitab qəzet, dəftərxana mallarının satışı, çap və sürətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, fərdi mənzillərdə təmizlik xidmətləri, dərzi xidmətləri, kosmetika və ətriyyat, geyim, ayyaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının, mebel, avtomobil, kimyəvi məhsulların satışı, gül və bitki məhsullarının, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının, gübrə və aqrokimyəvi məhsulların satışı bərpa olunacaq.

Bununla yanaşı, Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Nazirlər Kabinetinin qərarında deyilir ki, aprelin 27-dən etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır.

Bununla yanaşı, bu gün prezident İlham Əliyev bildirib ki, karantin rejiminin yumşaldılmasından sonra vəziyyət mənfi istiqamətə gedərsə, məcburiyyət qarşısında yenə də rejim sərtləşdiriləcəklər.

“Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır. Hər kəs üçün çətindir. İndi biz bu vəziyyətlə üzləşərkən hesab edirəm ki, ən düzgün yolu seçmişik. Xalqımız ən yüksək xüsusiyyətlərini göstərir - həmrəylik, birlik. Mən demişəm ki, buna məsuliyyət də əlavə olunmalıdır. İlk günlərdən fərqli olaraq məsuliyyət də, nizam-intizam da artıb. Bu vəziyyətdə insanların sağlamlığını qoruyan həkimlər və karantin rejiminə nəzarət edən polis işçiləri ən yüksək qiymətə layiqdirlər. Mən heç şübhə etmirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxacağıq," Əliyev qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı da bu gün keçirdiyi on-line brifinqdə deyib ki, bir çox ölkələr, o cümlədən Azərbaycanda ÜST-nin tövsiyələrinə əsasən karantin rejimindən çıxış planı hazırlanır.

Xanım Harmançı hesab edir ki, tədbirləri yüngülləşdirməklə yanaşı, təhlükəsizlik tədbirlərini yüksək səviyyədə saxlamaq lazımdır.

“Çünki virus hələ də öz təhlükəsini saxlayır. Xəstəlik yenidən alovlana bilər. Hər kəs əvvəlki həyatına qayıtmaq istəyir. Bizim də istəyimiz budur”.

O sərhədlərin açılmasının hələ mümkünsüz olduğunu bildiirb.

“Misal olaraq, bir ölkə virusla ciddi mübarizə tədbirlərinin aparıldığını əsas gətirir, ancaq qonşu ölkələrdə vəziyyət elə də yaxşı deyil. Ona görə də hələ sərhədlərin açılması məsləhət deyil. Gərək hər iki ölkədə vəziyyət stabil olsun,” o qeyd edib.

ÜST-nin rəsmisi deyib ki, koronavirusun isti havada məhv olması ilə bağlı hər hansı sübut yoxdur.

"Yayın gəlişi ilə virusun azalması ilə bağlı hər hansı araşdırma aparılmayıb," Harmançı qeyd edib.

XS
SM
MD
LG