Accessibility links

Azərbaycanla Avropa İttifaqı və NATO əlaqələri müzakirə edlib


Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO Baş katibi Yens Stoltenberq arasında görüşlər olub.

Rəsmi məlumata görə, Şarl Mişellə görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub.

Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb.

“Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb,” xəbərdə qeyd edilir.

NATO-nun Baş katibi Yens Stoltenberq isə görüşdən sonra keçirilən mətbuat konfrasında bildirib ki, NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq qurulub.

"Azərbaycan Əfqanıstandakı missiyamıza, xüsusilə, Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsi məsələsinə mühüm töhfə verib," Stoltenberq qeyd edib.

O, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin hamı üçün vacib olduğunu deyib.

Prezident Əliyev deyib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır.

“Azərbaycan ordusu koalisiya qüvvələri çərçivəsində Əfqanıstanı sonuncu tərk edən ölkələrdən biri olub,” o qeyd edib.

Dövlət başçısı Azərbaycanın NATO-nun hərbi təlimlərində fəal iştirak etdiyini vurğulayıb.

Əliyev bəyan edib ki, Azərbaycan regionda sülhün bərqərar olmasına sadiqdir və Ermənistanla sülh sazişi üzərində işə başlamağa hazırdır.

Dövlət başçısı deyib ki, Cənubi Qafqazda müharibədən sonrakı vəziyyət müzakirə mövzusu olub.

"Azərbaycan sülhə sadiqdir. Biz fəal dialoq qurmağa və yenidən qonşu olmağı öyrənməyə hazırıq," Əliyev qeyd edib.

Azərbaycan prezidentinin fikrincə, Zəngəzur dəhlizi Laçın dəhlizi kimi eyni olmalıdır.

“Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri ilə təmin etməlidir,” o qeyd edib.

Əliyevin sözlərinə görə, Azərbaycan NATO-nun dörd ölkəsi üçün etibarlı enerji resursları təchizatçısıdır.

Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin qısa tarixi

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.

Azərbaycan NATO əlaqələri

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1997-ci ilin 14 noyabrda prezident Heydər Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Azərbaycan Respublikası və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında hərbi əməkdaşlıq da davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.

“Müdafiə Nazirliyi bu mexanizmlərdən istifadə edərək, strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlərini həyata keçirir,” Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir.

Azərbaycan sülhməramlıları NATO qüvvələri tərkibində Əfqanıstanda sülh yaratmaqda iştirak edib.

Əməkdaşlıq dövründə Azərbaycan NATO-nun çoxsaylı təlimlərində, treyninqlərində, təhsil və digər proqramlarında iştirak edib, NATO-nun Azərbaycanda onlarla tədbirləri keçirilib. Çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. NATO Azərbaycan ərazilərinin minalardan təmizlənməsinin maliyyələşdirlməsində iştirak edir.

Azərbaycanda dəfələrlə NATO həftəsi keçirilib, NATO yay məktəbləri təşkil edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG