Accessibility links

Azərbaycan siyasi motivli həbslər olan ölkələr sırasındadır


Avropa Şurası Nazirlər Komitəsi aprelin 30-na qədər Azərbaycana vaxt verib

Avropa Şurası Nazirlər Komitəsinin sonuncu illik məruzəsinə əsasən, sistemli problemlərin, o cümlədən pis rəftar və ya təhlükəsizlik qüvvələrinin və pis saxlanma şəraitinin səbəb olduğu ölüm, habelə hüquq və azadlıqların məhdudlaşdırılması haqqında sayı artan işlərin həlli üçün bundan sonra da səy göstərilməlidir.

“Bir çox mühüm qərarlar bir neçə ildir icra olunmayıb, səs-küy doğuran az sayda iş isə kifayət qədər tez həll edilmir.

Üzv dövlətlər Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tez və tam həcmdə icra etməlidirlər. Bu, məcburi tələbdir,” Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bildirib.

Məruzədə qeyd edilir ki, 2020-ci ildə Nazirlər Komitəsi ümumilikdə 983 işi bağlayıb. Onların 187-si (19%) “mühüm” – yeni struktur problemlərinə və ya sistemli problemlərə aid işlər, 796-sı (81%) isə təkrarlanan işlər idi.

2020-ci ilin sonuna qədər 5233 iş hələ də üzv dövlətlər tərəfindən tamamilə icra edilməmişdi. Onların 1258-i (24%-i) “mühüm” işlər, 3975-i (76%-i) isə təkrarlanan işlər idi. 634 mühüm iş 5 ildən çoxdur icradadır.

Hesabatda deyilir ki, Avropa Məhkəməsinin müəyyən etdiyi 581 “ədalətli təzminat” ödənişi 2020-ci ildə vaxtında həyata keçirilib. Lakin Nazirlər Komitəsi 2020-ci ilin sonuna qədər 1574 iş üzrə ödənişin təsdiq edilməsini gözləyirdi, bu işlərin üçdə ikisi üzrə 6 aydan çoxdur ödənişin təsdiq edilməsi gözlənilirdi.

Məruzədə Azərbaycandakı vəziyyətə də toxunulur. Xüsusən, iki ərizəçinin – İlqar Məmmədov və Rəsul Cəfərovun işləri xatırladılır. Belə ki, Azərbaycan Ali Məhkəməsi 2020-ci ilin aprelində əlamətdar qərarı ilə onlar barəsində ittiham hökmlərini ləğv edib.

Bununla belə, “Məmmədlinin qrupu” adını almış həmin qrupdan olan digər şəxslər – hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, jurnalist Xədicə İsmayılova və s. barəsində Avropa Məhkəməsinin qərarları tam həcmdə icra edilməyib.

Eyni zamanda, Gürcüstan, Rusiya, Türkiyə və Ukrayna ilə birlikdə Azərbaycan da Avropa Konvensiyasının 18-ci maddəsinin pozulması hallarının, yəni siyasi motivli həbslər təcrübəsinin mövcud olduğu ölkələr arasındadır.

Bu, hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və siyasətçilərin işləridir. Onlara qarşı ittihamlar dəlillərlə əsaslandırılmayıb, bu ittihamların onları susdurmaq və ya cəzalandırmaq və digər tənqidçiləri dayandırmaq məqsədilə gizli motivi var.

Komitənin 2020-ci ildə baxdığı bəzi işlər ifadə və toplaşmaq azadlığına – istənilən demokratik cəmiyyətin təməl prinsiplərinə aiddir.

Məsələn, “Xədicə İsmayılova (şəxsi həyata müdaxilə) Azərbaycana qarşı” işində Komitə hakimiyyətə ərizəçiyə qarşı törədilmiş cinayətin araşdırılması haqqında məlumat verməyi, həmçinin jurnalistlərin şəxsi həyatının və ailə həyatının qorunması və onların ifadə azadlıqlarını həyata keçirməsi məqsədilə tədbirlər görməyi təklif edib.

2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə Azərbaycana 803 726 avro, bir il əvvəl isə 707 010 avro məbləğində cərimə kəsilib.

Şərhlərə bax

XS
SM
MD
LG