Accessibility links

Azərbaycan “Avroviziya-2021” müsabiqəsində “Mata Hari” mahnısı ilə çıxış edəcək


Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Samirə Əfəndinin mahnısını və klipini təqdim edib.

İfaçı “Mata Hari” mahnısı ilə bu ilin mayında Rotterdamda səhnəyə çıxacaq.

Xəbərdə deyilir ki, təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il “Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (o, 2020-ci ildə “Cleopatra” mahnısının prodüseri idi).

Mahnıda ənənəvi Azərbaycan alətləri - zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.

Bundan başqa, Azərbaycanın müsabiqədə iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var - “Yalan da mən, yanan da mən, yaman da mən”.

“Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz,” Samirə Əfəndi bildirib.

Samirə Əfəndi Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində də təmsilçisi olub, lakin Avropa Yayım Birliyi (AYB) COVID-19 pandemiyası ilə əlaqədar müsabiqənin tarixində ilk dəfə olaraq onu ləğv edib.

Şüarı “Open up!” olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-də və 20-də, final mərhələsi may ayının 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.

XS
SM
MD
LG