Accessibility links

Azərbaycan Baş Prokurorluğu: "Azərxalça"nın keçmiş sədri ilə bağlı 30 milyon manatlıq əmlaka həbs qoyulub


Vidadi Muradov
Vidadi Muradov

"Azərxalça" ASC İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə sentyabrın 21-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd edilib ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib:

Prokurorluğun rəsmi məlumatına görə, Vidadi Muradov "Azər-İlmə" MMC-nin Bakı şəhərindəki inzibati binasının "Azərxalça" ASC-yə bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsində və başqa bu kimi məsələlərdə şübhəli sayılır. O, ümumilikdə 21 milyon 673 min manatı mənimsəmə, israf etmə yolu ilə talamaqda, habelə 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda şübhəli bilinir.

Keçmiş sədr Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Baş Prokurorluq həçminin qeyd edib ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib:

"İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış, qeyri-yaşayış sahələri, habelə "Azər-İlmə" MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub".

Bu açıqlamaya hələlik V.Muradov, onun ailə üzvləri və vəkilindən münasibət almaq mümkün olmayıb.

"Azərxalça" ASC də 2016-cı ilin mayında prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas vəzifəsi xalça istehsalı, ixracı, onların ölkə daxilində, xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadədir.

XS
SM
MD
LG