Azərbaycan Baş Prokurorluğu tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərovun 20 il əvvəl qəsdən adam öldürməkdə ittiham olunduğu rəsmi şəkildə təsdiqlənib.
Rəsmi məlumata görə, Rövşən Əkbərova qarşı Cinayət Məcəlləsinin 12.1,(Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi) 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 12.1, 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Məhkum edilərsə, generalı 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Əkbərova ittiham verilən maddələrin əvvəlindəki 12.1 əlavəsinə gəlincə, bu, Azərbaycan vətəndaşlarının ölkədən kənarda cinayət törətdiyi, lakin orada məsuliyyətə cəlb olunmadığı halda onun cəzalandırılması qaydasını ehtiva edir.
Ona qarşı bu maddələr üzrə ittiham irəli sürülüb və Baş Prokurorluğun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsi onu 4 ay istintaq müddətinə həbs edib.
Rövşən Əkbərovun ailəsi və vəklindən hələlik şərh almaq mümkün olmayıb.
Rəsmi məlumatda qeyd edilir ki, Rövşən Əkbərov 1 iyun 2001-ci ildə Kiyev şəhərində 1971-ci il təvəllüdlü Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunur.
Məlumata gərə, o, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə Deqtyaryov küçəsi-7 ünvanında yerləşən "Sikora" kafesində yeyib-içəndən sonra onların arasında mübahisə yaranıb. Bu zaman Əkbərov Əliyevin ürək nahiyəsinə kəsici alətlə zərbə vurub.
Baş Prokurorluq onu da təsdiqləyib ki, hadisədən sonra cinayəti törətməkdə Azərbaycan vətəndaşı şübhəli bilindiyinə görə hələ 2003-cü ildə Ukrayna hüquq-mühafizə orqanları cinayət işinin materiallarını Bakıya göndərib. Amma Azərbaycanda cinayət işi üzrə icraat dayandırılıb.
"Həmin cinayət işi üzrə Hərbi Prokurorluğun və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində bir sıra istintaq hərəkətləri həyata keçirilib. Lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb," Baş Prokurorluğun məlumnatında deyilir.
Baş Prokurorluğun Mətbuat Xidməti bildirir ki, 2020-ci ildə Baş Prokurorluqda bu iş yenidən araşdırılıb və rəhbərlik icraatın dayandırılması haqda qərarı ləğv edib. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaq hərəkətlərindən sonra Əkbərovla bağlı sübutlar toplanıb və o, cinayət məsuliyyətinə cəlb olunub.
Rövşən Əkbərov 1987-1988-ci illərdə Sovet Ordusunun tərkibində Əfqanıstanda xidmət edib. Sonra keçmiş SSRİ Müdafiə Nazirliynin Zaqafqaziya Hərbi Dairəsində alay komandiri olub. 1993-cü ildən Azərbaycan Ordusunda xidmətə başlayıb. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
Rövşən Əkbərov 5 oktyabr 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Öz növbəsində hüquq müdafiəçisi, sabiq müstəntiq Rüfət Səfərov Amerikanın Səsinə rəsmi məumatı şərh edərkən deyib ki, Azərbaycanda hüquq qaydası, qanunçuluq mövcud deyil.
"Əksinə, hüquqi nihilizm var, digər qanunvericilik aktları kimi cinayət və cinayət prosessual məcəllələri də iqnor edilir. Cinayət məsuliyyətinin prinsiplərinin heç bir dəyəri yoxdur, hamı qanun qarşısında bərabər deyil. Adamlar əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara mənsubiyyətindən asılı olaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Bu mənada Baş Prokurorluq tərəfindən yayılan məlumatda general-leytenant Rövşən Əkbərovun həbs səbəblərini oxuduqda heç də təəccüblənmədim," o qeyd edib.
Səfərov çübhə etmir ki, ciddi istintaq hərəkətləri etməyə, sübutların toplanmasına, təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsinə meyilli olmayan istintaqçılar cinayət təqibi üzrə icraatın dayandırılması barədə qərar qəbul edib.
"Zakir Qaralovdan (keçmiş baş prokuror-red) və Kamran Əliyevdən (hazırki baş pokuror-red) soruşmaq gərəkdir: 1. 18 il ərzində təqsirləndirilən şəxsin müəyyən edilməsinə nə ehtiyac var idi, bir halda ki, zərəçəkmiş şəxsin hüquqi varisləri bar-bar bağırırdı, oğullarının qatilini göstərirdilər? Heç həmin müraciətlərə tam hüquqi qiymət vermisiniz? 2. Özünüzün yaydığı rəsmi məlumatdan oxuyuruq ki, Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib. Həmin şübhəli şəxsin Rövşən Əkbərov olduğu sizə bəlli deyildi? Əlbəttə, sadəlövh olarıq, əgər inansaq ki, sizə bəlli deyildi, sadəcə, sərbəst hüquqi iradəniz yox idi, ali icra hakimiyyəti orqanından direktiv gözləyirdiniz, üzərinizə düşən qanuni öhdəlikləri icra etmirdiniz! Odur ki, təkcə Rövşən Əkbərov yox, eləcə də Baş Prokurorluğun indiki və keçmiş rəhbərliyi də məsuliyyət daşıyır-ən azı işə laqeyd münasibətləri nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyiblər və ya lazımi qaydada yerinə yetirməyiblər, üstəlik, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər," hüquq müdafiəçisi Amerikanın Səsinə bildirib.