Accessibility links

Azərbaycan Baş prokuroru: Klinika və tibb müəssisələrindəki qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir


"Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.”

Bu barədə Baş Prokuror Kamran Əliyev mayın 10-da jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, istintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək.

“Bu, ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək".

Bir müddət əvvəl Baş Prokurorluğun yaydığı məlumatına görə, Bakının Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayev və digər vəzifəli şəxsləri aprelin 22-də saxlanılıb.

İmran Ağayev və digərləri Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluq əməliyyat çəkilişini də təqdim edib. Nümayiş olunan videoda göstərilən siyahılardan yüş min manatlarla rüşvətdən söhbət getdiyi qənaətinə gəlinir. Müşahidəçilərin fikrincə, çoxsaylı dövlət orqanlarının nəzarəti şəraitində bu qədər rüşvətin bir neçə nəfərin şəxsi ehtiyacları üçün toplaması iddiası real görünmür.

Öz növbəsində, aprelin 24-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Xidmətinin Modul Tipli Hospitalın baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirərkən yerli mediaya deyib ki, həbs edilən baş həkim Fövqəladə Hallar Nazirliyinin əməkdaşı deyil.

Daha sonra TƏBİB baş həkimi həbs edilən xəstəxananın Fövqəladə Hallar Nazirliyinə aid olduğunu bildirib.

Bundan sonra isə Repsublika Prokurorluğu Azərbaycanda vaksinasiya prosesində qanunsuz əməllərlə bağlı cinayət işinin açılması ilə bağlı rəsmi açıqlama yayıb. Məlumatda deyilib ki,18 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG