Azərbaycan yaxın zamanda Belarusdan növbəti partiya hərbi texnika almağa hazırlaşır. Bu barədə noyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı bildirilib.
Səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi və Belarus Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması barədə memorandum imzalanıb.
Prezident İlham Əliyev mətbuat üçün bəyanatında bildirib ki, hərbi-texniki sahədə əməkdaşlıqdan çox razıdır və Belarus məhsullarının keyfiyyəti yüksəkdir.
“Hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var”, deyən Əliyev Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə zəmin hazırlandığını vurğulayıb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silahlanma xərcləri barədəki hesabatına görə, Azərbaycan Belarusun əsas silah alan müştərilərindən biridir. Azərbaycan Belarusdan vertolyotlar, raket əleyhinə müdafiə sistemləri, tank əleyhinə zirehli texnika, raket qurğuları və artilleriya sistemləri alır.
İnstitutun hesabatınada deyilir ki, Azərbaycan 2016-cı ildə Belarusdan 170 milyon dollar dəyərində silah-sursat alıb.
Azərbaycan Müdafiə Nazirliyi 2018-ci ilin iyununda Belarusdan Azərbaycana gətirilən 301 millimetrlik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin Azərbaycan Ordusunun silahlanmasına daxil edildiyini bildirib.
Rəsmi məlumatlara görə, Azərbaycan Belarusla yanaşı Rusiyadan, Türkiyədən, İsraildən və digər ölkələrdən hər il bir neçə milyard dollar dəyərində silah-sursat və hərbi texnika alır.