Accessibility links

Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbərinə yendən hökm oxunub


cahangir Hacıyev
cahangir Hacıyev

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevə yenidən hökm oxunub. Məhkəmə bu dəfə Cahangir Hacıyevi əvvəlki cəzası toplanmaqla 16 il 6 ay azadlıqdan məhrum edib.

Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib.

Bu işdə təqsirləndirilən şəxslərdən keçmiş deputat Dünyamin Xəlilova 14 il 6 ay, Cahangir Hacıyevin bacanağı, "Intertobacco" tütün zavodunun sabiq rəhbəri İsmayıl Hidayətzadəyə isə 5 il 6 ay həbs cəzası kəsilib.

Təqsirləndirilən digər 18 nəfərə şərti cəza verilib.

Dövlət ittihamçısı Hacıyevin əvvəlki azadlıqdan məhrumetmə müddətini (15 il) nəzərə alaraq onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Xəlilovun da əvvəlki həbs cəzası müddəti (13 il) nəzərə alınmaqla, 15 il 9 ay müddətinə həbs edilməsini istəyib.

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. O və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.

2018-ci il dekabrın sonlarında Baş Prokurorluq bildirib ki, Cahangir Hacıyevə qarşı yeni maddə ilə ittiham irəli sürülüb.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair $3,4 milyard ABŞ dolları və €987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cahangir Hacıyev və keçmiş deputat Dünyamin Xəlilov ittihamları rədd ediblər.

XS
SM
MD
LG