Accessibility links

Azərbaycan BMT, Avropa İttifaqı və Dünya Bankı ilə ərazilərin bərpası işlərini müzakirə edib


Azərbaycan xarici işlər naziri BMT, Avropa İttifaqı və Dünya Bankı ilə ərazilərin bərpası işlərini müzakirə edib
Azərbaycan xarici işlər naziri BMT, Avropa İttifaqı və Dünya Bankı ilə ərazilərin bərpası işlərini müzakirə edib

Dekabrın 29-da xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, BMT İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas və Dünya Bankının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin vəzifələrini icra edən Səidə Bağırlı ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi bildirir ki, görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalmış ərazilərdə münaqişə sonrası bərpa, minalardan təmizlənmə işində Azərbaycana dəstəyin göstərilməsi məsələləri müzakirə edilib.

BMT, Aİ və Dünya Bankının nümayəndələri mövcud olan “Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” metodologiyasına uyğun olaraq Azərbaycanın münaqişənin təsirinə məruz qalmış əraziləri, o cümlədən Dağlıq Qarabağda müvafiq qiymətləndirmənin aparılması, hesabatın hazırlanması və tövsiyələrinin Azərbaycan tərəfi ilə bölüşülməsinə hazır olduqlarını ifadə edib.

Rəsmi informasiyalardan, yayılan videolardan görünür ki, Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərində əksər infrastruktur və tikililər tam dağıdılıb. Yüzlərlə yaşayış məskənləri xarabalığa çevrilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bir neçə gün öncə Amerikanın Səsinə müsahibəsində bildirib ki, BMT-nin nümayəndəsi dəvət edilib və əraziləri gəzərək qiymətləndirmə aparılıb.

“Yüksək, orta və az çirklənmiş ərazilər müəyyən edilib. Bu gün ərazidəki minaların və partlamamış sursatların nə qədər olduğunu dəqiq demək çətindir. Nə vaxt ki, genişmiqyaslı minatəmizləmə əməliyyatları başlayacaq, o zaman görünəcək ki, nə qədər mina və partlamamış hərbi sursatlar var. Əlbəttə, kriteriyalara uyğun olaraq müdafiə zolağının birinci, ikinci, üçüncü eşelonu ən böyük minalanmış ərazilərdir.”

ANAMA direktoru beynəlxalq təşkilatların, donor dövlətlərin minatəmizləmə işlərində Azərbaycana kömək edəcəyini deyib.

“Azərbaycan bütün diplomatik korpuslara, o cümlədən beynəlxalq humanitar təşkilatlara, ölkələrə hansı ki, humanitar mina təmizlənməsində özlərini donor kimi göstəriblər, onlara müraciətlər etmişik. Artıq onlardan suallar almışıq. Onlar minaların təmizlənməsinə öz dəstəklərini göstərməyə hazır olduqlarını bildirib. Biz gözləyirik ki, həmin dövlətlər, beynəlxalq təşkilatlar yaxın zamanda öz töhfələrini verəcək.”

Əhmədov minaların təmizlənməsinin nə qədər çəkəcəyini deməkdə çətinlik çəkir.

“Dəqiqliklə bir ilə, beş ilə, on ilə təmizlənəcəyini demək çətindir. Amma əlbəttə dövlət tərəfindən prioritetlər təyin olunur. Həmin prioritetlərə görə birinci dərəcəli yollar, elektrik xətləri, su təminatı, dövlət mülki əhəmiyyətli obyektlər və başqa ərazilər təmizlənilir. Ondan sonra ikinci dərəcəli prioritetlər hansı ki, evlər tikiləcək, şəhərlər, qəsəbələr salınacaq ərazilər təmizlənəcək. Üçüncü dərəcəli, camaat köçürüləndən sonra yaşamaq və işləmək üçün əkin sahələri, otlaq sahələri təmizlənəcək. Axırıncı prioritet meşə sahələri, dağlıq ərazilər, mülki şəxslərin hərəkət edəcəyi ərazilər təmizlənəcək,” o qeyd edib.

Bununla yanaşı, ekspertlər münaqişə ərazisində 50 mindən 100 minədək mina basdırıldığını güman edir. Onlar minaların ən çox Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində olduğunu düşünür.

Azad edilmiş ərazilərin bərpasına gəlincə, artıq bu işlər başlanıb. Belə ki, Azərbaycan hökuməti Füzulidən Şuşaya yeni avtomobil yolu çəkir, Suqovuşan qəsəbəsinə gedən avtomobil yolunun bərpa işləri başa çatmaqdadır. Ərazidə elektrik, su, qaz xətlərinin bərpası, telefon rabitəsi sisteminin yaradılması və digər kommunikasiya sistemləri işləri həyata keçirilir. 2021-ci ilin dövlət büdcəsindən azad edilmiş ərazilərin bərpası işlərinə 2,2 milyard manat vəsait ayrılıb.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılıb. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci il iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında toqquşmalar baş verib, hər iki tərəfdə itkilər olub.

Nəhayət, Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən, Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

2021-ci ilin yanvarında Ağdam şəhərində Türkiyə-Rusiya Monitorinq Mərkəziinin fəaliyyətə başlayacağı bildirilir.

XS
SM
MD
LG