Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilən seçkilərin Azərbaycan tərəfindən tanınmaması barədə bəyanat yayıb.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır,” Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış Cənubi Osetiyada iyunun 9-da parlament seçkiləri keçirilib.
Cənubi Osetiya Sovet İttifaqı dövründə Gürcüstanın tərkibində muxtar vilayət olub. Cənubi Osetiyanın 1990-cı ildə Rusiyanın köməkliyi ilə müstəqilliyini elan etməsi regionda silahlı münaqişəyə səbəb olub. 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra avqustun 26-da Cənubi Osetiya Rusiya tərəfindən tanınıb. BMT, Avropa İttifaqı ölkələri, ABŞ, o cümlədən Azərbaycan Cənubi Osetiyanı Gürcüstan Respublikasının ərazisi kimi tanıyır.
Hazırda Rusiyanın Cənubi Osetiyada yerləşən hərbi bazasında bir neçə min hərbi qulluqçu xidməıt edir.
Cənubi Osetiyanın əhalisi haqqında dəqiq statistik məlumatlar olmasa da, təxmini dəyərləndirmələrə görə 2007-ci ildə Cənubi Osetiyada 47000 etnik osetin və 17500 etnik gürcü yaşayıb. 2008-ci il avqust müharibəsi nəticəsində regiondakı bütün gürcülər evlərini tərk etməyə məcbur olub.