Accessibility links

Azərbaycan BMT məhkəməsində Ermənistanı etnik təmizləmədə ittiham edib


Beynəlxalq Ədalət Məhkəməsi

Azərbaycanın xarici işlər nazirinin müavini Ermənistanı "etnik təmizləmə" və ötən ilin sonunda regionda altı həftəlik müharibə başa çatdıqdan sonra belə ərazilərə mina yerləşdirməkdə davam etməkdə günahlandırıb. Birləşmiş Millətlər Təşkilatının Haaqadakı məhkəməsində münaqişə ilə bağlı ikinci işə baxış oktyabrın 18-də başlayıb.

Ermənistan bu ittihamları rədd edir.

Oktyabrın 14-də məhkəmədə Ermənistanın Azərbaycana qarşı şikayəti ilə bağlı dinləmələr keçirilib. Bu məhkəmə işi də keçən il 6600-dən çox insanın ölümü ilə nəticələnən və Azərbaycanın böyük ərazilərin nəzarətini bərpa etməsi ilə başa çatan müharibə ilə əlaqədar olub.

"Etnik təmizləmə və azərbaycanlılara qarşı zorakılığa təhrik kampaniyası davam edir" - deyə, Elnur Məmmədov oktyabrın 18-də Haaqada Ədalət Məhkəməsində bildirib.

Elnur Məmmədov əlavə edib ki, iddia edilən mina yerləşdirilməsi kampaniyası "Ermənistanın onilliklərdir davam edən etnik təmizləmə əməliyyatının davamıdır və bu əraziləri azərbaycanlılardan təmizləmək cəhdidir".

Ermənistan tərəfin nümayəndəsi Yeqişe Kirakosyan Azərbaycanın iddialarını rədd edərək, bunları "qondarma və özünümüdafiə" kimi qiymətləndirib.

O, Azərbaycanın özünün 1990-cı illərin əvvəllərində münaqişə bölgəsinə yüz minlərlə mina yerləşdirdiyini deyib.

Kirakosyan Azərbaycanın iddialarını "saxta ekvivalentlik məşqi" olduğunu deyib və bunu Azərbaycan tərəfindən "əsl qurban olduğu təəssüratı yaratmaq üçün bir taktika" adlandırıb.

"Ermənistan artıq minalanmış sahələrin iki xəritəsini verib və əlimizdə olan başqa xəritələri verməyə hazırıq" - deyə, Kirakosyan məhkəmədə bildirib.

Məmmədov münaqişənin Rusiyanın vasitəçiliyi ilə imzalanan müqavilə ilə başa çatmasından sonra müharibə zamanı və ondan sonra erməni qüvvələri tərəfindən yerləşdirilən minaların 65 mülki vətəndaş da daxil olmaqla, azı 106 azərbaycanlının ölümü və ya yaralanmasına səbəb olduğunu deyib.

"Ermənistanın azərbaycanlıları bu şəkildə hədəf alması və terrorizə etməyə davam etməsi üçün etibarlı hərbi və ya başqa bir səbəbi yoxdur" - deyə, Məmmədov bildirib.

Ermənistan keçən həftə keçirilən dinləmələr zamanı Azərbaycanı ciddi insan haqları pozuntularında günahlandırıb, Azərbaycan isə Ermənistan tərəfindən iddiaları rədd edib.

Hər iki ölkə tərəfindən irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına dair irəli sürülən iddiaları ilə bağlı məhkəmələrin yekunlaşması illər sürə bilər.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG