Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədində atışma barədə məlumat verib


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini sərhəd boyu atəşə tutduğunu bildirib.

"Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-də Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub," - deyə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilir.

Nazirlik bildirir ki, iyulun 17-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Məlumatda qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açıldığı bildirilir.

Həmçinin deyilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Ermənistan mediası bu ölkənin Müdafiən Nazirliyinə istinadən bildirir ki, Azərbaycan Ermənistanın Yerasx istiqamətindəki mövqelərini atəşə tutmağa davam edir.

“16 iyuldan etibarən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yerasx (Mehri) istiqamətində yerləşdirilən Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə atəş açır. Ermənistan Silahlı Qüvvələrinin bölmələri cavab tədbirlərinə əl atıb. Ermənistan tərəfində ölən və yaralanan yoxdur,” məlumatda deyilir.

Keçən il Dağlıq Qarabağda Rusiyanın vasitəçiliyi ilə üçtərəfli razılaşma ilə sona çatan müharibədən sonra Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliklər davam edir. Son günlər sərhəd məntəqələrində atışmalar intesivləşməkdə davam edir. Demək olar ki, hər gün tərəflər atışmalar barədə məlumatlar yayır.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliyin danışıqlar vasitəsilə həllinə dəfələrlə çağırışlar edib.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG