Accessibility links

Azərbaycan-Ermənistan sərhədində gərginlik, həlak olan və yaralananlar olduğu bildirilir


Kəlbəcər rayon mərkəzi
Kəlbəcər rayon mərkəzi

İyulun 23-də Azərbaycan-Ermənistan sərhədində atışma zamanı Azərbaycanın bir hərbçisi həlak olub, Ermənistanın üç hərbçisi yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu (Bakıdan 480 kilometr qərb) sahəsindəki mövqelərini atəşə tutması nəticəsində Azərbaycanın hərbi qulluqçusu Fərman Yaqublu həlak olub.

Nazirlik bildirir ki, hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri həyata keçirir.

“Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür,” Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Öz növbəsində Ermənistan mediası Ermənistan Müdafiə Nazirliyinə istinadən bildirir ki, iyulun 23-də Azərbaycan Silahlı Qüvvələri erməni hərbçilərinə atəş açana qədər heç bir cavab tədbiri görülməyib.

“Azərbaycan tərəfinin təxribatı nəticəsində üç erməni əsgəri yüngül yaralanıb. Onların həyatı üçün təhlükə yoxdur.”

Ermənistan Müdafiə Nazirliyi hesab edir ki, vəziyyətin kəskinləşməsinə görə bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin döyüş əməliyyatlarının dayandırlması barədə imzaladığı bəyanatdan sonra atəşkəsin pozulması nəticəsində Azərbaycan və Ermənistanın hər birinin bir hərbçisi həlak olub, bir neçə hərbçisi yaralanıb.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG