Bu gün, fevralın 12-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr və 11 yanvar tarixli bəyanatının yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun videoformat rejimində ikinci iclası keçirilib.
Rusiya hökumətinin məlumatına görə, iclasda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndinin icrasından irəli gələn əsas iş sahələri (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi), habelə 11 yanvar 2021-ci il tarixli bəyanatın 2 (prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edilməsi), 3 (vəzifəli şəxslərdən ibarət ekspert yarımqruplarının tərkibinin təsdiq edilməsi), 4-cü (zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikilməsi) bəndlərinin icrasından irəli gələn birgə iş prosesi ilə bağlı məsələlər müzakirə olunub. Gələcək işlərin qrafiki razılaşdırılıb," Rusiya hökumətinin məlumatında bildirilir.
Qeyd edək ki, üç ölkənin Baş nazir müavinlərinin birinci iclası yanvarın 30-da Moskvada keçirilib.
Rusiya hökumətinin işçi qrupunun birinci iclası barədə məlumatında deyilir ki, tərəflər ekspert alt qruplarının yaradılması, dəmir yolu, avtomobil və kombinə edilmiş nəqliyyat, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi məsələləri barədə razılığa gəlib.
Rusiya hökumətinin məlumatına görə, tərəflər həmçinin mütəxəssislərdən ibarət yarımqrupların formalaşdırılmasını fevralın 2-dək tamamlamağı və yarımqrupların ilk görüşlərinin fevralın 5-dək keçirilməsinə razılaşıb.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və bu 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib. Həmçinin, Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət üzrə Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.
Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.
2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.