Azərbaycan Finlandiyanın Cənubi Finlandiya və Çexiyanın Plzen inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, (AQTA) məhdudiyyətin tətbiqinə səbəb Cənubi Finlandiyada və Çexiyanın Plzen inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınmasıdır.
AQTA eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Finlandiya və Çexiya respublikalarından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət edib.
Azərbaycan fevralın 12-də Çexiyanın Orta Çexiya və Almaniyanın Brandenburq, fevralın 13-də İngiltərənin Şimal-Şərqi İngiltərə və Bolqarıstanın Pleven inzibati ərazi vahidlərindən quş qripi ilə əlaqədar bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
AQTA-nin məlumatına görə, Azərbaycanda hələ quş qripi aşkarlanmayıb.