Azərbaycan gömrükçüləri İrandan tranzitlə Ukraynaya gedən yük maşınından 108 kiloqram heroin aşkar edərək götürüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, narkotik maddə 200 paketdə qablaşdırılaraq badımcan qutularının dibində gizlədilib.
Yük Astara gömrükxanasında İrandan Azərbaycana daxil olub.
Narkotik vasitəni xüsusi təlim keçmiş itlər aşkar edib. Sürücünün adı və vətəndaşlığı açıqlanmır. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, son iki ayda yük nəqliyyatı ilə İrandan gətirilən dördüncü böyük partiya narkotik maddədir.