Accessibility links

Azərbaycan gömrükçüləri Ukraynaya aparılan 545 kiloqram 105 qram heroin aşkar edib


Azərbaycan gömrükçüləri İrandan Ukraynaya aparılması üçün nəzərdə tutulan 545 kiloqramdan çox heroini aşkar edərək götürüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, komitənin Cənub Ərazi Baş Gömrük İdarəsi Azərbaycanın "Astara" gömrük postunda (Bakıdan 317 kilometr cənub) ölkə ərazisindən tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə "yemiş" yükü aparan Azərbaycan vətəndaşı Allahverdi Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobildə 10 paketdə olan 720 ədəd yeşikdə 526 ədəd narkotik bağlama aşkar edilib.

“Bu bağlamalar "örtücü mal" qismində istifadə olunmaq məqsədilə yığılan "yemişlərin" altından çıxarılıb. Bağlamaların içərisində isə preslənmiş halda, spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 545 kiloqram 105 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib,” Dövlət Gömrük Komitəsi qeyd edir.

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Allahverdi Məmmədov Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü maddələri (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Gömrük Komitəsi bildirir ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqram 54 qram heroin aşkarlayıb və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan artıqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG