Accessibility links

Azərbaycan-Gürcüstan sərhədində görüş olub


Mayın 6-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Gürcüstan Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidze görüşüb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, Azərbaycanın "Şəmkir" sərhəd dəstəsinin ərazisində (Bakıdan 450 kilometr qərb) dövlət sərhədində keçirilən gö­rüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələ­rinin inkişafı məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymət­ləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud mü­nasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıb.

Gürcüstan prezidenti Salome Zurabişvili bu il fevralın 27-də Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatında sərhədin delimitasiyasının vacibliyini deyib.

"Biz dostluğumuza əsaslanaraq belə qərara gəldik ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdırmaq üçün tapşırıq verək. Sərhəd də bizi birləşdirən amildir. Ümid edirəm ki, bu məsələ bizim dostluq əlaqələrimiz əsasında həll olunacaqdır,” xanım Zurabaşvili qeyd edib.

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanla dövlət sərhədinin delimitasiyası işləri üzrə dövlətlərarası komissiyanın işlərinin canlandırlmasına diqqət çəkib.

“Sərhəd perimetrinin 66%-i delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində razılaşdırılıb və qalan seqmentlərin razılaşdırılması məqsədilə danışıqlar davam etdirilir," nazirlik qeyd edib.

Dövlət sərhədinin delimitasiyası işləri 1995-ci ildən etibarən aparılır.

Delimitasiya tamamilə yekunlaşana qədər SSRİ dövründə mövcud olan, keçmiş respublika/inzibati sərhəd xətti dövlət sərhədi hesab olunur və buna uyğun olaraq sərhədin mühafizəsi həyata keçirilir.

Son günlər Gürcüstanın ictimai qurumlarının David Qareci - Keşikçidağ monastırının Azərbaycan tərəfində yerləşən hissəsinin mənsubiyyəti məsələsini həll etmək cəhdi ilə əlaqədar iki ölkə sərhədində gərginlik yaranıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu il aprelin 25-də Keşikçidağ monastır kompleksinə girişin məhdudlaşdırılması barədə məlumatlara münasibət bildirərəkən deyib.

“Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır,” mətbuat xidmətinin rəhbəri qeyd edib.

XS
SM
MD
LG