Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycanla sərhəddə "Keşikçidağ/David Qareci" monastr kompleksində baş vermiş insident faktını tanıyıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin ictimaiyyəti, vətəndaş qruplarını "Gürcüstan və Azərbaycan arasında sərhəddin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verilməsinə" çağırıb.
Daxili İşlər Nazirliyi bəyan edib ki, David-Qareci ərazisində "Gürcüstanla Azərbaycan sərhəddində yerli sakinlərlə azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib. "Lakin vəziyyət vaxtında yoluna qoyulub və hazırda hadisə yerində sakitlikdir."
Nazirliyin məlumatına görə, faktın öyrənilməsinə başlanılıb.
"Biz ictimaiyyəti, vətəndaş qruplarını delimitasiya üzə komissiyanın işini sakit şəraitdə davam etdirməsinə imkan verilməsinə çağırırıq ki, vaxtında razılaşma əldə olunsun" , nazirlik bildirib.
Qeyd edək ki, ötən gün Gürcüstan saytlarında sərhəddə Gürcüstan vətəndaşları ilə Azərbaycan sərhədçiləri arasındakı insidentlə bağlı video yayılıb.
Videoda görünür ki, bir qrup mülki şəxs iki azərbaycanlı sərhədçilərə hücum edərək onları təhqir edir, ərazini tərk etmələrini tələb edir.
Öz növbəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirir ki, iyulun 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.
“Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib," Mətbuat Mərzkəzi bildirir.
Həmçinin Gürcüsan vətəndaşlarının Azərbaycan sərhədini pozması ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk.Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.
“Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk.
Azərbaycan Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair Xarici İşlər Nazirliyinin məlumatlandırılmasını qarşı tərəfdən tələb edib,” məlumatda qeyd edilir.
"Keşikçidağ" kompleksi məbəd, keşikçi qülləsi, sərhəd boyunca 25 kilometr məsafədə təbii və süni mağaralardan ibarətdir.
Kompleksin bir hissəsi Azərbaycan, digər hissəsi Gürcüstan tərəfinə düşür.
Azərbaycan və Gürcüstan arasında sərhəd SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq dövlət komissiyaları yaradılıb və indiyədək komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 kilometrlik Azərbaycan - Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 kilometrlik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.
Son aylar Gürcüstandan bir qrup insan "Keşikçidağ" mağara-kilsə kompleksi ilə bağlı iddialar irəli sürüb, sərhəd ərazisinə gələrək gərginlik yaratmağa cəhd edib.
Azərbaycan "Keşikçidağ" mağara-kilsə kompleksindəki tarixi abidələri dövlət səviyyəsində qoruma altına alıb. Bu məqsədlə hələ 2007-ci ildə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Qoruq ərazisində 70-dək mağara, 1 qala, 2 məbəd və 1 inanc yeri var.