Accessibility links

Azərbaycan hökuməti jurnalistlərə kompensasiya ödəyəcək


Avropa məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalistlər Elmin Bədəlov və Anar Əliyevin şikayəti üzrə qərarını elan edib. Azərbaycan hökuməti və ərizəçilər arasında barışıq razılaşması əldə olunduğuna görə məsələ AİHM-in gündəliyindən çıxarılıb.

Şikayət 28 iyul 2010-cu ildə baş vermiş hadisə ilə əlaqədar verilmişdi. O zaman “Yeni Müsavat” qəzetinin müxbiri işləyən Elmin Bədəlov və “Milli Yol” qəzetinin redaktor müavini Anar Əliyev Mərdəkan qəsəbəsində oriqarxların dəbdəbəli mülkləri barədə reportaj hazırlayarkən hücuma məruz qalmışdılar. Mülklərin mühafizəçiləri jurnalistlərə hücum edərək onları döymüşdülər. Bundan sonra onları villalardan birinin ərazisinə apararaq və döyməyə davam etmişdilər.Bədəlovdan redaksiyanın kamerasını alıblar və sındırıblar. Jurnalistlər bildiriblər ki, hadisə o zamankı nəqliyyat naziri Ziya Məmmədovun villasında baş verib.

Jurnalistlərin hüquq-mühafizə orqanlarına şikayətləri təmin olunmayıb. Ərizəçilər AİHM-ə müraciətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan edilməsi), 10-cu (ifadə azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri üzrə hüquqlarının pozulmasını tanımağı xahiş ediblər.

Azərbaycan hökuməti ərizəçilərin hüquqlarının pozulduğunu tanıyaraq barışıq razılaşması təklif edib və onların hər birinə 8 min avro məbləğində kompensasiya ödəməyə razılıq verib.

Ərizəçilər təklifi qəbul ediblər və bu səbəbdən AİHM işi baxılmaqdan çıxarıb.

XS
SM
MD
LG