Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azərbaycanlı hüquqşünas Xalid Bağırovun şikayəti üzrə qərarını açıqlayıb.
Şikayətlər 2011-ci ildə onun vəkillik səlahiyyətlərinə 1 il müddətinə xitam verilməsi və 2015-ci ildə Bağırovun Vəkillər Kollegiyasından çıxarılması ilə bağlıdır.
Məhkəmə hesab edib ki, ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddəsinin pozuntusuna yol verilib.
Buna görə də Azərbaycan hökuməti Baöırova 18 min avro təzminat ödəməlidir.
Məhkəmənin qərarında həmçinin Nazirlər Komitəsinə Xalid Bağırovun hüquqlarının effektiv şəkildə bərpasını təmin etmək tövsiyəsi də var.
"Bu qərar təkcə mənim qələbəm deyil. Vəkillər Kollegiyasından uzaqlaşdırılmış bütün vəkillərin qələbəsidir,” Xalid Bağırov Avropa Məhkəməsinin bugünki qərarını şərh edərəkən deyib.
Avropa məhkəməsinin qərarını hələlik Vəkillər Kollegiyası, Məhkəmə Hüquq Şurası və başqa Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Xalid Bağırov 2011-ici ildə Vəkillər Kollegiyasının rəhbərliyinin qərarı ilə 1 il müddətinə vəkillikdən uzaqlaşdırılıb.
2015-cü ildə isə məhkəmə qərarı ilə onun vəkillik fəaliyyətinə son verilib. Bu zaman onun ReAL Partiyasının sədri İlqar Məmmədovun məhkəməsində hakimlə bağlı işlətdiyi bəzi sözlər əsas götürülüb.
Hər iki ərizə üzrə kommunikasiya 2015 və 2016-cı illərdə olub. Avropa İnsan Hüquqları Məhkəməsi belə qənaətə gəlib ki, Bağırovun səlahiyyətlərinin bir il müddətinə dayandırılması, sonra isə onun Kollegiyadan çıxarılması “Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmayıb”.
Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova, Şəhla Hümbətova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.
Vəkillər Kollegiyası təkzib edir
Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.
Beynəlxalq təşkilatlar dəfələrlə vəkillərin hüquqlarının pozulmasına son qoyulması barədə bəyanatlarla çıxış edib.