Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
İyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan "Anadolu Qartalı" adlı hərbi təlimlərdə 2015-ci ildən iştirak edir.
Ümumilikdə Azərbaycan Orudusu bu il Türkiyə Ordusu ilə birgə intensiv təlimlər keçirir.
Belə ki, fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri olub.
Martın 27-də Azərbaycan və Türkiyə Ordusu “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” birgə təlimləri keçirilib.
Aprelin 6-dan 8-dək Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçirilib.
Mayın 22-də Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim olub.
Azərbaycan hərbçilərinin növbəti birgə təlimi mayın 24-də olub. Hərbçilər Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edib.