Accessibility links

Azərbaycan Human Rights Watch-ın hesabatına cavab verib


Azərbaycan Xarici İşlər Nazirliyi Human Rights Watch” (HRW) təşkilatının Azərbaycanda erməni əsirlərin işgəncələrə məruz qalması ilə bağlı iddialarını qəbul etmir.

HRW-nin martın 20-də yaydığı hesabatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələri 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı erməni əsirləri tutarkən, həmçinin həbsxanalarda işgəncələrə məruz qoyub.

“Azərbaycan hakimiyyəti pis rəftarla bağlı bütün iddiaları araşdırmalı və günahkarları məsuliyyətə cəlb etməlidir. Azərbaycan eyni zamanda bütün qalan əsir və mülki məhbusları dərhal sərbəst buraxmalı və vəziyyəti bilinməyən, lakin son vaxtlar Azərbaycan həbsxanasında görünən hərbi qulluqçuların və mülki şəxslərin yeri barədə məlumat verməlidir,” təşkilatın hesabatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin “Human Rights Watch” təşkilatının hesabatında erməni əsirləri ilə pis rəftar halları barədə iddialara dair şərhində deyilir ki, Azərbaycan beynəlxalq humanitar hüquq və insan haqları hüququ daxil olmaqla, beynəlxalq normalara riayət olunmasına sadiqdir.

“Biz “Human Rights Watch” (HRW) təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını rədd edirik,” Mətbuat Xidməti İdarəsi qeyd edir.

Nazilik təəssüf edir ki, HRW tərəfindən erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat birtərəfli xarakter daşıyır, obyektiv vəziyyəti əks etdirmir.

“Əsassız dəlillərə və yoxlanılmayan faktlara əsaslanan bu cür hesabatların sistematik olması onların etibarlılığını şübhə altına alır. Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib. Onlar işgəncə, alçaldıcı və pis rəftara məruz qalmayıblar, onlara lazımi tibbi yardım göstərilib və hər biri saxlanıldıqları müddətdə tibbi müayinədən keçirilib. Müayinə zamanı xəsarət izləri aşkar olunmayıb (döyüş əməliyyatlarında alınan zədələr istisna olmaqla).”

Human Rights Watch təşkilatı Azərbaycan Xarici İşlər Nazirliyinin şərhinə hələ münasibət bildirməyib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda saxlanılan erməni hərbçiləri ilə bağlı bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azəbaycanın nəzarətinə keçən Xocavənd rayonu ərazisində 62 nəfər Ermənistan vətəndaşı saxlanılıb.

“Azərbaycan tərəfi hesab edir ki, saxlanılanlar diversantdır və məhkəmə qarşısında cavab verməlidir,” o qeyd edib.

Bayramovun sözlərinə görə, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin birgə bəyanatının imzalanmasından (10 noyabr 2020-ci il ) bir ay keçdikdən sonra Ermənistan Silahlı Qüvvələri Azərbaycanın beynəlxalq tanınmış ərazilərində diversiya-təxribat fəaliyyəti törədib, onlar tərəfindən Azərbaycan vətəndaşları öldürülüb. Bu səbəbdən həmin hərbçilər saxlanılıb və onlar hərbi əsir sayıla bilməz.

Ermənistan ombudsmanı Armen Tatoyan isə hesab edir ki, saxlanılan erməni hərbçiləri hərbi əsir hesab edilməlidir.

Onun fikrincə, Azərbaycan hakimiyyətinin əsirlikdə olan ermənilərin hərbi əsir yox, diversant olması haqda bəyanatları hərbdən sonrakı humanitar prosesi və insan haqlarının müdafiəsi ilə bağlı beynəlxalq tələbləri kobud şəkildə pozur.

XS
SM
MD
LG