Accessibility links

Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəsi və ekspert rəyi


“Biz əlaqələrimizin müsbət məcrada inkişafını, inkişaf edən ikitərəfli əlaqələri geniş şəkildə müzakirə edəcəyik. Mən sizin səfərinizdən əvvəl məlumatlara baxdım və gördüm ki, bizdə ticarət dövriyyəsində artım var. Pandemiyaya baxmayaraq, bu, çox müsbətdir.”

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün, mayın 25-də Bakıda səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşü zamanı deyib.

Əliyev bildirib ki, hazırda iki ölkə arasında əlaqələr bəlkə də əməkdaşlığın tarixində ən yüksək səviyyədədir.

“Əlbəttə ki, regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır,” dövlət başçısı qeyd edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə deyib ki, İran Azərbaycanla münasibətlərinin ən yaxşı dövrünü yaşayır.

“Hakimiyyətdə olduğumuz dövr başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoyaraq getdiyimizə görə çox şadıq.

Biz sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq,” o qeyd edib.

Sədrəddin Soltan
Sədrəddin Soltan

Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, iki ölkə arasında ziddiyyətli məsələlərin bir çoxu artıq arxada qalıb.

“Bu ziddiyyətlər əsasən İran-Ermənistan münasibətləri ilə bağlı idi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan İranın üzərindən Ermənistanla bağlı ziddiyyətləri bir növ həll edib. Azərbaycanın Ermənistanla münasibətləri yaxşılaşdıqca İranla münasibətlər də inkişaf edən xətlə davam edə bilər,” ekspert belə hesab edir.

O hesab edir ki, münasibətlərin inkişafına təkan verən amillərdən biri də İranın Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlı olmasıdır.

Sədrəddin Soltan iki dövlət arasında münasibətlərin perspektivindən danışarkən deyib ki, “bu, İranın davranışından asılı olacaq.”

“Münasibətlərin perspektivi ilk öncə İranın beynəlxalq sanksiyalara məruz qalmasından asılıdır. Əgər İran atom-nüvə proqramı ilə bağlı əhatəli razılaşma sənədinin ruhuna əməl edərsə, ABŞ İrana tətbiq etdiyi sankiyaları götürərsə, deməli, İran beynəlxalq təcrid məsələsində vəziyyətini yumşaldacaq. Bu həm də regional əməkdaşlığa təkan verəcək. Əməkdaşlığın perspektivinə təsir edən ikinci amil İranın Ermənistanla, daha doğrusu Azərbaycandakı erməni icması ilə bağlı mövqeyidir. Münasibətlərin perspektivinə təsir edən üçüncü amil isə İran rejiminin bu ölkənin vətəndaşı olan azərbaycanlıların fundamental haqlarının təmin olunmasına münasibətdir. İranda yaşayan azərbaycanlıların milli haqları ilə bağlı daha sərt mövqe ikitərəfli münasibətlərə, xüsusilə xalqlar arasındakı münasibətlərin perspektivinə mənfi təsir edə bilər,” ekspert qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG