Accessibility links

Azərbaycanın İranla sərhədində silahlı insident baş verib


Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən İran-Azərbaycan sərhədində silahlı şəxslərin qarşısı alınıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, martın 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin (Bakıdan 299 kilometr cənub-qərb) yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

“Azərbaycan dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbi və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı silah tətbiq edib. Atışma zamanı sərhəd naryadının başçısı Səxavət Məmmədov sinəsindən, sərhəd naryadının üzvü Vidadi Cəbrayılov əlindən güllə yarası alıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, Səxavət Məmmədovun həyatını xilas etmək mümkün olmayıb," məlumatda qeyd edilir.

Məlumata görə, dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıb.

Hadisə ilə əlaqədar Azərbaycan Hərbi Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.

Bundan öncə Azərbaycan-İran sərhədində insident bu il fevralın 11-də baş verinb. Azərbaycanın “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi (Bakıdan 300 kilometr cənub) yaxınlığındakı postunun ərazisində sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşı Zülfüqar Seyfullayev öldürülüb.

Ümumiyyətlə Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, son illər Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsi ilə gətirilib. Son illərdə hüquq mühafizə orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirən onlarla insanı tutub. Yüzlərlə kiloqram müxtəlif növ narkotik götürülüb.

Eyni zamanda, dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhədi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib.

İranla sərhəddə 2018-ci il noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazisində baş verən silahlı insident zamanı İran vətəndaşı Nəsiri Şəhzad Şekar Azərbaycan sərhədçiləri tərəfindən açılan atəşlə yaralanıb. Məlum ollub ki, o əvvəllər də Azərbaycanın dövlət sərhədini qanusuz keçib və Azərbaycan sərhədçisini yaralayıb.

Bu hadisədən sonra 2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub. 2019-cu il yanvarın 9-da isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda səfərdə olub. Hər iki halda təhlükəsizlik və sərhəd təhlükəsziliyi məsələləri diqqət mərkəzində olub.

XS
SM
MD
LG