Accessibility links

Azərbaycan, İran və Türkmənistanın qaz tədarükü sazişinə ekspertlərin baxışı


Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammiti çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) üzrə üçtərəfli saziş imzalanıb.

İmzalanma hər üç ölkənin prezidentinin iştirakı ilə baş tutub.

Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək. Çatdırılmalar dekabrın 22-də başlayacaq.

Rəsmi Bakı bu sazişin bağlanması və onun şərtləri barədə hələlik açıqlama verməyib.

İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından çox böyük önəmi var.
İlham Əliyev, Azərbaycan Prezidenti

Sazişin imzalanmasından sonra İran mediasının sualının cavabında Prezident İlham Əliyev bildirib ki, "bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək."

"Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından çox böyük önəmi var," Azərbaycan Prezidenti vurğulayıb.

İqtisadçı Zöhrab İsmayıl Amerikanın Səsinə bildirib ki, sazişin perspektivləri və dayanıqlığı Rusiyanın təsirindən və Türkmənistan prezidentinin davranışlarından asılı olacaq.

Rusiyanın regiona təsirləri azalarsa, İran-qərb danışıqları müvəfəqiyyətli olarsa, bu saziş baş tutacaq.
Zöhrab İsmayıl, ekspert

“Rusiya uzun müddətdir ki, Türkmənistan qazının Avropa bazarlarına daşınması üçün kommunikasiyaların yaradılmasına imkan vermir. Bu sazişlə İranın maraqları da gündəliyə gəlir. Gələcəkdə İranın özü də bu perspektivlərə baxa bilər. Hazırda İranla Qərb arasında nüvə razılaşmasına yenidən qayıtmaqla bağlı danışıqlar aparılır. Bu baxımdan geopolitik durumun necə olacağı da perspektivləri müəyyən edəcək. Rusiyanın regiona təsirləri azalarsa, İran-Qərb danışıqları müvəffəqiyyətli olarsa, bu saziş baş tutacaq. Yox, əgər Rusiya Türkmənistan qazının daha iri həcmdə Türkiyəyə və Avropaya daşınmasında təhlükə görərsə, bu halda Rusiya bunun qarşısını alacaq,” ekspert qeyd edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, saziş hələ anlaşma mənasını kəsb edir.

Qazı satan, alan və nəqlini həyata keçirən qurum arasında razılaşma olmalıdır. Bundan sonra türkmən qazının Azərbaycana nəqli həyata keçirilə bilər.
İlham Şaban, ekspert

“Onun kommersiya müqaviləsinə çevrilməsi üçün hər üç ölkənin şirkətləri arasında kommersiya sazişinin imzalanması gərəkdir. Yəni, qazı satan, alan və nəqlini həyata keçirən qurum arasında razılaşma olmalıdır. Bundan sonra türkmən qazının Azərbaycana nəqli həyata keçirilə bilər. Bu yenilik deyil, ilk deyil. Azərbaycan 2016-2017-ci illərdə İran üzərindən təqribən bu həcmdə, 1,5 milyard kubmetr civarında türkmən qazının idxalını həyata keçirib. Ancaq o zaman Azərbaycanın daxili bazarında təbii qazın qıtlığı yaranmışdı. Hasilatla istehlak arasında disbalans yaranmışdı,” o qeyd edib.

Ekspertin dediyinə görə, Azərbaycan bu il 31 milyard kibmetrədək qaz hasil edəcək.

“Bunun 12 milyard kubmetri daxili istehlaka yönəldiləcək, 18 milyard kubmetrədək isə ixraca yönələcək. Görünən budur ki, əmtəəlik qaz yeraltı qaz anbarlarında bir qədər də artıq qalır. Bu baxımdan, Azərbaycan nədən Türkmənistan qazına ehtiyac duyur bir qədər müəmma doğurur. Bundan öncə isə “Azərkontrakt” şirkəti Rusiyanın “Qazprom” şirkəti ilə 1,5 milyard kubmetr qazın qışda alınıb yaz-yay aylarında əvəzinin ödənilməsi barədə saziş imzalayıb. Ona görə, demək çox çətindir, Azərbaycan nədən həm Rusiya, həm də Türkmənistan ilə bu cür sənədlər imzalayıb,” o qeyd edib.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə deyib ki, bu saziş yeni bir səhifədir.

Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çatdırılması üçün yeni xətt yaradılır. Bu da həm Avropanın, həm Azərbaycanın, həm də Türkmənistanın maraqlarına uyğundur.
Natiq Cəfərli, ekspert

“Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqli Transxəzər qaz kəmərinə dirənmişdi. Çünki Rusiya buna icazə vermirdi. Uzun müddətdir ki, bu məsələlər müzakirə edlirdi, lakin bir nəticə yox idi. İndi Türkmənistan İrana qaz verəcək, həmin həcmdə qazı İran Azərbaycanla arasında olan boru xətti vasitəsi ilə Azərbaycana ötürəcək. Azərbaycanın isə həmin qazı TANAP və TAP kəməri vasitəsi ilə Avropaya çatdırması mümkünlüyü yaranır. Əslində, Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çatdırılması üçün yeni xətt yaradılır. Bu da həm Avropanın, həm Azərbaycanın, həm də Türkmənistanın maraqlarına uyğundur. Həcmlər çox böyük olmayacaq. Ancaq bununla Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqlinin yolu açılır. Avropa Birliyi artıq bir neçə ildir bununla bağlı Türkmənistanla danışıqlar aparır. İranın da buna razılıq verməsi həm də onunla bağlıdır ki, Vyana şəhərində Avropa Birliyi ölkələri ilə İran arasında yenidən nüvə danışıqları başlayıb. İranın Türkmənistan qazının nəqli ilə bağlı razılığa gəlməsi Vyana danışıqlarının fonunu yumşaltmaq məqsədi daşıyır. Bununla da Türmənistan qazının Azərbaycan üzərindən Avropaya çatdırılmasının təməli qoyulur,” ekspert qeyd edib.

Türkmənistanda qaz hasilatı 63,2 milyard kubmetr təşkil edir. Bunun təxminən yarısı ölkə daxilində istifadə edilir.

Türkmənistan qazının əsas alıcıları Rusiya ilə Çindir. Ölkə 2019-cu ildə Çinə təxminən 30 milyard kubmetr qaz satıb. Türkmənistan qazı Çinə “Mərkəzi Asiya-Çin” boru kəməri vasitəsilə nəql olunur. Bu kəmər Mərkəzi Asiyanın zəngin qaz mənbələri ilə Çinin qazpaylayıcı şəbəkəsini birləşdirir.

Türkmən qazının tədarük olunduğu digər istiqamət Rusiyadır. Amma Aşqabadla Moskva arasında zaman-zaman enerji resurslarının qiyməti ilə bağlı mübahisələr yaşanır. Bir müddət əvvəl Rusiyanın “Qazprom” şirkəti Türkmənistandan neftin 2008-ci ildə razılaşdırılmış qiymətinə yenidən baxmasını tələb edirdi. Bundan sonra “Qazprom” bu ölkədən qaz tədarükünü dayandırmış, bu isə Türkmənistan iqtisadiyyatına ciddi zərbə vurmuşdu. Tərəflər arasında saziş yalnız 2019-cu ildə imzalanıb. Sazişə əsasən, Rusiyaya illik 5,5 milyard kubmetr türkmən qazı tədarük olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG