Accessibility links

Azərbaycan iranlı sürücüləri ölkələrinə qaytarıb


Azərbaycan Dövlət Gömrük Komitəsi
Azərbaycan Dövlət Gömrük Komitəsi

Qaçaqmalçılıqda və Azərbaycanın dövlət sərhədini lazımı sənədlər olmadan keçməkdə suçlanan İran vətəndaşı olan sürücülər ölkələrinə təhvil verilib.

Bu barədə oktyabrın 21-də Azərbaycan Gömrük Komitəsi məlumat yayıb:

"İran İslam Respublikasının vətəndaşları Bərzigar Hacı Cəfər Qəzənfər və Novruzi Şahrud Heydər müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb".

İranın Yollar və Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat şirkətlərinə göndərdiyi təlimatda İran sürücülərinin və vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ və Laçın rayonlarının ərazisinə daxil olmasının qadağan olunduğunu bildirib.

Bu barədə İranın rəsmi orqanları açıqlama verib. İranın Mehr agentliyi bildirib ki, İranın Beynəlxalq Daşımalar İdarəsinin direktoru Məhəmməd Cavad Hedayəti beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına xüsusi müraciət ünvanlayıb. O, İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən xəbərdarlıq edib ki, onun təşkilatı Azərbaycan Respublikasının ərazisinə bu ölkənin rəsmi sərhədlərindən kənardan istənilən girişi Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirəcək.

Son zamanlar Azərbaycan rəsmilərinin İrana məxsus yük maşınlarının onların nəzarətində olmayan ərazilərə qanunsuz yük daşımasını bəyan etməsi Azərbaycan və İran arasında gərginliklərin daha da armasına səbəb olub.

Bununla bağlı İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim edilib.

İran oktyabrın 1-də ölkənin şimal-qərb regionunda hərbi təlimlərə başlayıb. Bəzi müşahidəçilər İran hərbi qüvvələrinin artilleriya, dronlar və helikopterlərin cəlb edildiyi hərbi təlimlərinin İsrailin Tehranın bildirdiyi kimi Azərbaycanda nüfuzunun artması ilə əlaqədar narahatlıqları ilə izah edirlər.

Hərbi manevrlər həmçinin sentyabrın 12-də Azərbaycan, Türkiyə və Pakistanın birgə təilmlərindən sonra keçirilib. Bir sıra müşahidəçilərin fikrincə, NATO üzvü olan Türkiyə və Cənubi Asiyada nüvə qüdrətinə malik olan Pakistanın Azərbaycanla birgə hərbi təlimlər keçirməsi İran tərəfindən narahatlıqla qarşılanıb.

Öz növbəsində ABŞ Dövlət Departamenti son zamanlar İran və Azərbaycan arasındakı son gərginliklərə münasibət bildirib.

Dövlət Departamentinin sözçüsü Ned Prays oktyabrın 12-də mətbuat brifinqində jurnalistin “Biz İranın qonşu ölkə Azərbaycana qarşı bəyanatlarını gördük. İran Azərbaycanı bölgəyə üçüncü tərəfləri cəlb etməklə hədələyirlər. Bu bəyanatlardan, xüsusən də ABŞ-ın maraqlarının və enerji boru kəmərlərinin bölgədə risk altında ola biləcəyindən narahatsınızmı" sualını cavablandırıb.

“Siz İranı fərqli kontekstdə qeyd etdiniz, bizim Rusiya ilə də ortaq marağımız qarşılıqlı olaraq Birgə Hərtərəfli Fəaliyyət Planına geri qayıtmaqdır.(The Joint Comprehensive Plan of Action (JCPOA). Ortaq maraqlarımızı nəzərə alaraq Rusiya Federasiyası ilə də müzakirə etmək imkanımız oldu. ABŞ və Rusiyanın ortaq bir marağı var ki, İran heç vaxt nüvə silahı əldə edə və ya ala bilməsin. İranın regional fəaliyyətlərinə gəldikdə, biz bu məsələdə çox açıq şəkildə mövqeyimizi bildirmişik, biz durduğumuz yerdəyik. İran proksi qüvvələrin, digər regional aktyorlara dəstəyi, təhdidləri və daha geniş desək, hədələyici açıqlamaları da daxil olmaqla, İran bir çox cəhətdən sabitliyi pozan amildir" - deyə, Ned Prays bildirib.

XS
SM
MD
LG