Accessibility links

Azərbaycan koronavirusa qarşı qabaqlayıcı tədbirləri gücləndirir


İki nəfər koronavirus ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə təsdiq edilib.

Məlumata görə, onlardan biri Çin vətəndaşıdır. O, sonuncu dəfə yanvarın 19-da Çində olub.

“Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-də evə buraxılması gözlənilir”, nazirliyin Facebook səhifəsində yaydığı videoda deyilir.

Xəstəxanaya yerləşdirilən ikinci şəxsin Azərbaycan vətəndaşı olduğu, Çində təhsil aldığı bildirilir.

“O, Bakıya yanvarın 28-də gəlib. Heç bir şikayəti yoxdur. Amma buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq”, Səhiyyə Nazirliyi bildirir.

Nazirlik bildirir ki, bundan öncə xüsusi tibb müəssisəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır, karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.

Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində qabaqlayıcı tədbirlər davam etdirilir.

Heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

Azərbaycan Qida Təhlükəsiliyi Agentliyi (AQTA) tərəfindən infeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların (zoopark heyvanları və vəhşi heyvanlar da daxil olmaqla), balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

AQTA-nin məlumatında deyilir ki, agentliyin regional bölmələri, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejiminə keçib. Eyni zamanda, hazırda xüsusi riskli hesab olunan, virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və satış şəbəkələrində nəzarət tədbirlərinin artırılması, köçəri quşların ovlanması və onlardan qida kimi istifadə olunmasına nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir.

Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış "2019 novel koronavirus" (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlibr. Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb.

Virus ailəsinin adı onun anatomik quruluşu - "tac" fomasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Sözügedən virus genetik olaraq bütün digər koronaviruslardan fərqlidir və hazırkı epidemiyanın insanlar arasında daha sürətlə yayılması, xüsusilə diqqəti cəlb etməkdədir.

OİE-nin Elm Komitəsi və Vəhşi heyvanlar üzrə İşçi qrupu birgə tədqiqatlara başlayıb və ilkin olaraq, "Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsi"ndə "fövqəladə xəstəliklər" bölməsinin yaradılması və üzv ölkələr tərəfindən "Ümumdünya Heyvan Xəstəliklərinin İnformasiya Sistemi" (WAHIS) vasitəsilə OİE-yə təcili bildiriş təqdim edilməsini tövsiyə edib. .

“Bununla əlaqədar, artıq Azərbaycan üzv ölkə kimi OİE ilə bu sahədə müzakirələrə başlayıb. OİE və ÜST-ün birgə təşəbbüsü ilə "2019-nCoV" virusunun tədqiq edilməsi və onunla mübarizənin aparılması üçün "Yol Xəritəsi"nin hazırlanmasına başlanıb,” Azərbaycan Qida Təhlükəsiliyi Agentliyi bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG