Accessibility links

Azərbaycan koronavirusu müəyyən edən tibbi avadanlıq alıb


Koronovirus
Koronovirus

Azərbaycanda koronavirusa diaqnoz qoymaq imkanı var. Bunun üçün Türkiyə, Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı arasında aparılan danışıqlardan sonra diaqnoz qoymaq üçün ölkəyə tibbi aparatlar gətirilib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı yerli mediaya bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə məqsədi ilə qabaqlayıcı tədbirlər görülüb.

“Bu virus sərhəd tanımayan virusdur. Virusun bütün ölkələrə gedə biləcəyi ehtimalı var. Hava-damcı yolu ilə insandan insana keçir. Bir qədər vaxtdan sonra xəstələrin sayı o qədər çoxala bilər ki, onların statistikasını belə aparmaq mümkün olmasın,” Harmançı qeyd edib.

Nümayəndənin sözlərinə görə, virusun müalicəsi üçün hələ vaksin və ya peyvənd yoxdur.

“Çin çox yaxşı və açıq davranır. Hazırda dünyada bunun üçün vaksinin yaradılması üçün işlər görülür. O məlumdur ki, xəstəliyi xroniki xəstələr ağır keçirir və bir çox xroniki xəstələrin koronavirusa yoluxması ölümlə nəticələnir,” Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi bildirib.

Koronavirus
Koronavirus

Azərbaycanda son durum

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirus ilk aşkar olunan Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.

“Yanvar ayının 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar.”

Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Yeni 2019-nCoV koronavirus" xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə tibb işçiləri üçün seminarlar da təşkil edib.

Bu gün fevralın 1-də Bakıda nəqliyyatın intensiv olduğu və əhalinin sıx toplaşdığı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində qabaqlayıcı tədbirlər çərçivəsində növbəti dəfə dezinfeksiya işləri görülüb.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhsullarından istifadə olunmaqla dezinfeksiya edilib.

Koronovirus
Koronovirus

Ümumi məlumat

Çin Xalq Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə daxilində 10000-dən çox təsdiq edilmiş hal qeydə alınıb. Təsdiq olunmuş hallardan 1370-i ağır dərəcəli olduğu, 259-nun ölüm halları ilə nəticələndiyi bildirilib. 124 nəfər xəstəlikdən müalicə olunaraq, evə buraxılıb.

ÜST-nin Katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumatına görə, artıq 18 ölkədə 82 yoluxma halı baş verib. Digər ölkələrdə xəstəliyə yoluxanlardan 7-si Çinə səfər etməyib. Çinin xaricində üç ölkədə virusun insandan insana ötürülməsi halı qeydə alınıb. Bu üç haldan biri ağır dərəcəlidir, ölüm halları olmayıb.

XS
SM
MD
LG