Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Krım yarımadasında keçirdiyi “yerli seçkilər”i tanımadığını bəyan edib.
"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır," Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat katibi Leyla Abdullayeva bildirib.
Sentyabrın 8-də Rusiyada və Krımda yerli və regional seçkilər keçirilib.
Sentyabrın 9-da Avropa İttifaqı da Krımda keçirilən seçkiləri tanımadığını bəyan edib.
“Avropa İttifaqı Krım və Sevastopolun Rusiya Federasiyası tərəfindən qeyri-qanuni ilhaqını tanımır və beynəlxalq hüququn pozulmasını qınamaqda davam edir. Avropa İttifaqı Krım yarımadasında keçirilən seçkiləri tanımır. Krım yarımadasında seçkilərdə qalib gələn Krım və Sevastopol əhalisini təmsil etdiyini iddia edən istənilən şəxs Ukraynaya məxsus bu ərazilərin təmsilçisi kimi qəbul edilməyəcək. Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünü və suverenliyinü qətiyyətlə dəstəkləməyə davam edir,” Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə sözçüsü Maya Kosyançiçin yaydığı bəyanatda deyilir.