Accessibility links

Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirir, Ermənistan bunu təkzib edir


Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulduğunu bildirir. Ermənistan Müdafiə Nazirliyi isə bu xəbəri təkzib edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 28-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb. Nəticədə hərbi qulluqçu Elxan Muradov çiynindən yaralanıb. O, hospitala təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Nazirlik bildirir ki, cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Öz növbəsində, Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, Ermənistan tərəfdən atəş açılmayıb.

"Bu, yalan və dezinformasiyadır," Ermənistan Müdafiə Nazirliyi bildirir.

Nazirlik 28 mayda Geğarkunik və Syunik bölgələrindəki sərhəddə də vəziyyətin sabit olduğunu vurğulayıb.

Son günlər iki ölkənin rəsmi mənbələri sərhədin bir neçə istiqamətində gərginliklərin qeydə alındığını bildirir.

Tərəflər keçən il Dağlıq Qarabağda müharibədən sonra bir-birini sərhəddə regionda gərginliyin artmasına səbəb olan insidentlərlə bağlı günahlandırır.

Mayın 27-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin 6 hərbçisini əsir götürdüyünü bildirib və bu xəbəri Ermənistan Müdafiə Nazirliyi təsdiq edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays sərhəddə son gərginliklə bağlı açıqladığı bəyanatda Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə baş verən son hadisələr, o cümlədən bir neçə erməni əsgərinin Azərbaycan qüvvələri tərəfindən saxlanmasından narahatlığını bildirib. Dövlət Departamentinin sözçüsü ABŞ-ın hər iki tərəfi insidenti dərhal sülh yolu ilə həll etməyə çağırdığını bildirib.

Bəyanatda həmçinin qeyd olunur ki, "Birləşmiş Ştatlar tərəfləri Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə nail olmaq üçün mümkün qədər tez bir zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında substantiv danışıqlara qayıtmağa çağırır.”

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də hər hansı irəliləyişə nail ola bilməyiblər.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG