Accessibility links

Azərbaycan Müdafiə naziri NATO nümayəndəsi ilə görüşüb


Azərbaycan və NATO bayraqları

Oktyabrın 12-də Müdafiə naziri Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Zakir Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək, qarşılıqlı əlaqələrin daha da inkişafının vacibliyini diqqətə çatdırıb:

"Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb".

Kontr-admiral Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Azərbaycanın NATO ilə əməkdaşlığı 1994-cü ildə başlayıb. Əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildən Azərbaycan FTƏP-ə qoşulub. Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir. Rəsmilər isə bunu balanslaşdırılmış siyasətlə izah edirlər.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG