Azərbaycan Müdafiə naziri Zakir Həsənov sentyabrın 14-də Türkiyəyə gedib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə baş tutub.
Azərbaycan Müdafiə naziri Zakir Həsənovun müavini - Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov da iştirak edir.
Xəbərə görə, onların Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən "TurAz Şahini – 2021" birgə taktiki-uçuş təlimlərində iştirakı planlaşdırılır.
İki ölkənin hərbi hava qüvvələrinin "TurAz Şahini – 2021" birgə taktiki-uçuş təlimi sentyabrın 6-da başlayıb, 17-nə kimi davam edəcək.
Son illərdə Azərbaycan və Türkiyə hərbçiləri çoxsaylı birgə təlimlər və məşqlər keçirməkdədir. Bu il də birgə təlimlər davam etdirilir.
Belə ki, 2021-ci il fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin Kars şəhərində “Qış-2021” birgə hərbi təlimləri keçirilib.
Bu il martın 15-dən 18-dək isə Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı qoşun növləri "terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları" üzrə tapşırıqları icra edib.
Martın 27-də Azərbaycan Ordusunun hərbçiləri Türkiyə Milli Müdafiə Nazirliyinin təşkil etdiyi “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” təlimlərində iştirak edib.
Martın 28-də Azərbaycan Ordusunun hərbçiləri Türkiyənin Isparta vilayətindəki Dağ Komanda Məktəbi və Tədrisi Mərkəzində Türkiyə hərbçiləri ilə birgə “Dağçılıq təlimləri” keçirib.
Avqustun 10-da Azərbaycan hava qüvvələrinin hərbçiləri Türkiyədə keçirilən təlimlərdə iştirak edib.