Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi 6 erməni hərbçisinin əsir götürüldüyünü bildirir


Mayın 27-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin 6 hərbçisini əsir götürdüyünü bildirib. Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiq edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, mayın 27-də gecə saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım (Bakıdan 440 kilometr qərb) yaşayış məntəqəsi istiqamətində keçməyə cəhd göstərib.

“Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır,” Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidmətinin məlumatında deyilir.

Ermənistan mediası Ermənistan Müdafiə Nazirliyinə istinadən bildirir ki, mayın 27-də səhər tezdən Ermənistanın Geqarkunik bölgəsinin (Azərbaycanda Göyçə mahalının Basarkeçər rayonu adlandırılır-red) sərhəd hissəsində, Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsinin ərazisində mühəndis işləri apararkən, Ermənistan Silahlı Qüvvələrinin altı hərbçisi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən əsir götürülüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, hazırda əsir götürülmüş erməni hərbçilərinin geri qaytarılması üçün lazımi tədbirlər görür.

Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda altmışdan çox erməni hərbçisi saxlanılır. Ermənistan tərəfi hərbçilərinin hərbi əsir statusunda olduğunu və 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan, Rusiya liderlərinin hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatına uyğun olaraq qaytarılmasını tələb edir. Azərbaycan isə erməni hərbçilərinin üçtərəfli bəyanatdan sonra ölkə ərazisində terror-diversiya hərəkətləri edərkən tutulduğunu, bu səbəbdən də Azərbaycan məhkəməsi qaşısına çıxarılacağını bəyan edir.

Bununla yanaşı, son günlər Azərbaycan-Ermənistan sərhədində delimitasiya ilə bağlı hərbçilər arasında insidentlər qeydə alınmaqdadır.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də hər hansı irəliləyişə nail ola bilməyiblər.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG