Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulduğu vaxt 4 hərbçinin həlak olduğunu açıqlayıb


Azərbaycan hərbçiləri Füzuli şəhəri yaxınlığında kənd ərazilərindəki minaları zərərsizləşdirir, 26 noyabr 2020.
Azərbaycan hərbçiləri Füzuli şəhəri yaxınlığında kənd ərazilərindəki minaları zərərsizləşdirir, 26 noyabr 2020.

Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti dekabrın 13-də cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmiləri keçən ay Dağlıq Qarabağ bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara son qoyan atəşkəsdən bəri dörd əsgərin öldüyünü açıqlayıb.

Müdafiə Nazirliyinin dekabrın 13-də açıqlanan bəyanatında ölümlərin nə vaxt və harada baş verdiyinə dair detallar verilmir və noyabrın 10-da rəsmi olaraq sona çatan döyüşlər zamanı Azərbaycan qüvvələrinin nəzarətə götürdüyü ərazidə baş verdiyi deyilir.

Məlumatda qeyd edilir ki, noyabrın 10-da imzalanan bəyanata əsasən atəşkəsin elan olunmasından sonra “Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb”.

"Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir" - məlumatda deyilir.

Açıqlamada bildirilib ki, Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir.

Bundan bir gün əvvəl Ermənistan və Azərbaycan yeni şiddətli döyüşlər və Hadrut bölgəsində Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs rejiminin pozulması ilə bağlı bir- birinə qarşı ittihamlar irəli sürüb.

Azərbaycan tərəfindən dekabrın 13-də elan edilən ölüm hadisələrinin Hadrut bölgəsində baş verib-vermədiyi aydın deyil.

Bu arada, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı atəşkəsi "kobud şəkildə pozmaqda" günahlandırsa da, təfərrüatları açıqlamayıb. Bir gün əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycan qüvvələrini Hadrut yaxınlığında etnik ermənilərin mövqelərinə hücum etməkdə günahlandırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün, dekabrın 13-də cəbhədəki vəziyyətlə bağlı yaydığı məlumatda Ermənistanın iddialarını əsassız və qəbuledilməz adlandırıb.

Rusiya sülhməramlı qüvvələri 11 və 12 dekabr tarixlərində Hadrutda pozuntuları etiraf edib, lakin məsuliyyəti heç kəsin üzərinə atmayıb.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla Dağlıq Qarabağda altı həftə davam edən hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib.

Razılığa əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 hərbi qulluqçusundan ibarət silahlı sülhməramlı kontingenti yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG