Accessibility links

Azərbaycan və Ermənistan qüvvələri arasında toqquşmalar başlanıb


Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini "iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından" intensiv atəşə tutduğunu xəbər verib.

Ermənistan Baş Naziri Nikol Paşinyan Facebook vasitəsilə müraciətində Azərbaycanı Dağlıq Qarabağda "hücuma" başlamaqda ittiham edib və erməni qüvvələrin hücuma "uğurla" cavab verdiyini bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var.

"Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.”

Nazirlik bildirir ki, Azərbaycan Ordusunun ön xətt bölmələri qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ermənilər Azərbaycanın iki helikopterini və üç dronunu vurub. O, Azərbaycanı havadan və raketlərlə hücum etməkdə ittiham edib.

Ermənistan Baş Naziri Nikol Paşinyan xalqı dövləti və ordunu dəstəkləməyə çağırıb. Paşinyan vətəndaşları yalnız rəsmi mənbələrə etibar etməyə çağrıb.

Azərbaycan rəsmiləri "əhali arasında təşviş salmamaq" və hərbi qulluqçuların təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini "rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv" məlumatlardan istifadə etməməyə çağırıb.

XS
SM
MD
LG