Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarını razılaşmaya əməl etməyə çağırıb


Azərbaycan Müdafiə Nazirliyi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalı olduğunu bildirib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb.

“Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir. Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır,” nazirlik qeyd edir.

“Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi,” Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Hələlik bu açıqlamaya Rusiya Federasiyası sülhməramlı qüvvələri və Ermənistan tərəfindən münasibət bildiilrməyib.

Bununla yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması Ermənistan müdafiə nazirinin avqustun 10-da Moskvaya səfərindən bir gün sonraya təsadüf edir.

Ermənistan müdafiə nazirinin səfərindən bir gün öncə, avqustun 9-da Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda Şuşa regionunda atışma olduğu barədə məlumat yayıb.

"Rusiya sülhməramlılarının səyləri ilə atışma dayandırılıb, itki yoxdur. Rusiya sülhməramlı kontingentinin komandanlığı Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə bu faktı araşdırır," məlumatda deyilir.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG