Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 12-də məlumat yayıb.
“Məktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub. Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır,” məlumatda deyilir.
Azərbaycan Müdafiə Nazirliyinin Rusiya tərəfinə etiraz məktubları ünvalaması sosial şəbəkələrdə Rusiya sülhməramlılarının nəzarət etdiyi koridor vasitəsi ilə Dağlıq Qarabağa İrana məxsus olduğu bildirilən yük avtomobillərinin daxil olması barədə videolar yayıldıqdan sonraya təsadüf edir. Bundan öncə, avqustun 11-də Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa İranın yük maşınlarının “qanunsuz olaraq yük daşımasına” etiraz olaraq bu ölkəyə nota təqdim edib.
Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi rəsmi saytında bildirir ki, Rusiya sülhməramlıları xeyriyyə təşkilatları ilə birlikdə Yerevan şəhərindən Dağlıq Qarabağa humanitar yüklərin çatdırılmasını həyata keçirib.
Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.
Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.
2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.
İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib. İşçi qrupunun son iclası bu il avqustun 17-də Moskvada keçirilib.