Accessibility links

Azərbaycan məktəblərində əyani tədris qismən bərpa edilib


Azərbaycanda mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.

Təhsil Nazirliyinin Kollegiyasının qərarına əsasən adı çəkilən ərazilərdəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Bu şəhərlərdə təhsil alanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.

Kollegiyanın qərarına əsasən, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla əyani dərslər bərpa edilir.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

Qərara görə, X-XI siniflər üzrə dərslər onlayn formatda davam etdiriləcək.

Xatırladaq ki, koronavirusa yoluxma sayı sürətlə artığından 2021-ci il aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant formata keçirilmişdi.

Əgər aprel ayı ərzində ölkədə koronavirusa yoluxma halı 3000-4000 arasında dövr edirdisə, bu, son sutkada 472 olub.

XS
SM
MD
LG