Accessibility links

Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisi tənqidlərlə qarşılanıb


Azərbaycan Mərkəzi Bankının yeni binasının maketi
Azərbaycan Mərkəzi Bankının yeni binasının maketi

Türkiyənin Tekfen-İnşaat şirkəti Azərbaycan Mərkəzi Bankının yeni binasının tikinisini həyata keçirəcək. Yeni binanın tikintisi Azərbaycanda tənqidlərə yol açıb.

Tekfen-İnşaat şirkətinin yanvarın 13-də yaydığı məlumata görə, Bakıda yeni binanın tikintisi ilə bağlı Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və Türkiyənin Tekfen-İnşaat şirkətinin təmsilçiləri Levent Qafqaz və Mustafa Kopuz layihələndirmə, avadanlıq və maddi təchizat, tikinti və quraşdırma işlərinin həyata keçirilməsi barədə müqavilə imzalayıb.

“Prosesdə əməyi olan bütün dostlarımızı təbrik edir, onların layihəni təhlükəsiz və uğurlu şəkildə həyata keçirmələrini arzulayırıq,” məlumatda qeyd edilir.

Tekfen-İnşaat Azərbaycanda bundan öncə Bakı Olimpiya Stadionunun inşasını həyat keçirib. Hazırda isə Azərbaycan Vergilər Nazirliynin binasını inşa edir.

Mərkəzi Bankın yeni 32 mərtəbəli binasının inşasının ümumi dəyəri 450 milyon manat (218 milyon avro) olacaq. Yeni bina Bakıda Heydər Əliyev Prospekti, 109 ünvanında tikiləcək. Tender tələbinə görə, binanın hündürlüyü 160 metr, ümumi sahəsi 67,926 kvadrat metr olacaq. Binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi mərtəbələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaft ilə birlikdə ofis sahələri olacaq. Tikinti müddəti 36 aydır.

Azərbaycan Mərkəzi Bankının hazırki binası 1998-ci ildə istifadəyə verilib. Bina təqribən 50 milyon dollara başa gəlib.

Hazırki anda Mərkəzi Bankın yeni binanın tikintisinə 450 miyon manat ayrılması sosial şəbəkələrdə və ictimai fikirdə tənqidlə qarşılanıb. Xüsusilə Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırıldıqdan sonra bu regionda infrastrukturun və yaşayış məntəqlərinin yenidən qurulması üçün böyük həcmdə maliyyə vəsaiti lazımdır.

İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, yeni binanın tikintisi üçün planlaşdırılan vəsait həddindən çox şişirdilib.

“Baxın, 32 mərtəbəli 1 inzibatı binanın tikintisinə xərclənəcək 450 milyon manat baş bankir Elman Rüstəmovun (Azərbaycan Mərkəzi Bankının sədri-red) anadan olduğu Cəbrayıl rayonunun bütövlükdə bərpası üçün nəzərdə tutulan vəsaitin 20 faizi qədərdir. 144,5 milyon əhalisi olan Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli, 9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, siyasi elitanın Azərbaycandan oğurladığı kapitalı depozitə qoyduğu İsveçrə Mərkəzi Bankının binası 4 mərtəbəli, 1 trilyon aktivləri olan Norveç Mərkəzi Bankı 3 mərtəbəlidir. 10 milyon əhalisi olan Azərbaycanda 450 milyon manata Mərkəzi Banka 160 metr hündürlüyü olan 32 mərtəbərli inzibati bina tikiləcək və hər mərtəbəyə 14 milyon 62 min manat xərclənəcək. Binanın sahəsi 67.926 kvadratmetr olacaq ki, bu hesabla hər 1 kvadrat metrin tikintisinə 6625 manat məsrəf ediləcək. Bu, Heydər Əliyev Mərkəzindən sonra hər kvadrat metrə düşən tikinti xərclərinə görə ikinci bahalı dövlət obyekti olacaq. Hələ qarşıda yeni tikilən binanın kopmplektləşdirilməsi, mebellə təchizatı və digər xərcləri vardır."

Mərkəzi Bankın binasının tikintisinə ayrılan vəsaitə hər biri 85 kvadrat metrdən olmaqla 15 min 149 ev tikmək olar. Böyük Bərpa Proqramı üzrə Füzilidə 13 500, Cəbrayılda 13 000 evin tikilməsi planlaşdırılıb. 
Qubad İbadoğlu, iqtisad elmləri doktoru

İqtisadçı bildirir ki, Böyük Bərpa Proqramına görə işğaldan azad edilmiş ərazilərdə tikiləcək mənzillərin hər kvadrat metrinin smeta dəyəri 350 manat olacaq.

"Bu hesabla təkcə Mərkəzi Bankın binasının tikintisinə xərclənəcək vəsaitlə Qarabağda ümumilikdə 1 milyon 287 min 714 kv metr yaşayış sahəsi olan mənzillər və Böyük Bərpa Proqramında nəzərdə tutulduğu kimi hər biri 85 kvadrat metrdən olmaqla 15 min 149 ev tikmək olar. Məlumat üçün qeyd edim ki, Böyük Bərpa Proqramı üzrə Füzilidə 13500, Cəbrayılda isə 13000 evin tikilməsi planlaşdırılıb. 450 milyon manat vəsaitlə 5000 min istedadlı Azərbaycan gəncinin dünyanın ən nüfuzlu universitetlərində 2 il ərzində xaricdə magist təhsilinin xərclərini ödəmək, onların yaşayış xərclərini tam şəkildə qarşılamaq, bununla da 2 il ərzində beynəlxalq standartlara cavab verən 5000 kadr hazırlamaq olar,” İbadoğlu facebook səhifəsində yazıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin firkincə, müharibədə qalib xalqa zərbə ardınca zərbə gəlir.

“Mərkəzi Bank üçün bu yeni bina xalqımıza 400 milyon manatdan (218 milyon avro) artığa başa gələcək. Benzin və dizel yancağının artırılması da hər il əhaliyə 400 milyon manata başa gələcək. Cəmi 200 milyon manata isə şəhid ailələri və qazilərimizin sığorta pullarını, şəhid ailələrinə, qazilərə, veteranlara veriləcək təqaüd və müavinətləri ciddi şəkildə qaldırmaq olardı,” AXCP sədri qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manatadək vəsaitin ayrılması yolverilməzdir.

“Əslində Mərkəzi Bankın indi mövcud olan binası da külli miqdarda dövlət vəsaiti hesabına tikilmiş, kifayət qədər böyük və təyinatı üzrə istifadə üçün tam yetərli olan binadır. Ölkə ictimaiyyətinin birmənalı rəyi nəzərə alınaraq israfçılığa son qoyulmalı, belə bahalı binanın tikintisi ləğv edilməli, bu binanın tikintisi üçün nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilməlidir,” Müsavat Partiyasının başqanı bildirib.

İctimai fəal Zöhrab İsmayıl facebook səhifəsində yazır ki, Mərkəzi Bank üçün indiki bina da böyükdür.

“450 milyon manatı buna sərf etmək cinayətə bərabərdir. Azərbaycanda təəssüf ki, hər belə layihədə korrupsiya riski var. Ancaq korrupsiya olmasa belə, bu böyük israfçılıqdır,” o qeyd edib.

Mərkəzi Bank və hökuməıt rəsmiləri tənqidlərə hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG