Accessibility links

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib


Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25 faizdən 9 faizə endirilməsi barədə qərar qəbul edib.

Mərkəzi Bankın martın 15-də yaydığı məlumatda deyilir ki, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minir.

Qurumun rəhbərliyi faizlərə növbəti dəfə aprelin 26-da baxacaq.

Mərkəzi Bankın açıqlamasında yazılıb ki, illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edərək hədəf diapazonunun aşağısında qərarlaşıb.

“2018-ci ilin əvvəlindən bəri əhəmiyyətli yumşalmaya baxmayaraq, real faiz dərəcələrinin pozitiv zonada qalması inflyasiyanın daxili və xarici risklərini neytrallaşdırmağa xidmət edir. Yenilənmiş proqnozlara görə də, 2019-cu ildə inflyasiyanın hədəf daxilində (4±2%) qərarlaşacağı gözlənir”.

Bu sahənin ekspertləri hesab edir ki, Azərbaycanda uçot dərəcəsi endirilsə də, bu, bank faizlərinə təsir etmir. Onlar bir neçə səbəb göstərir. Bu səbəblərdən biri biznesin dayanıqlı olmaması, vəsait itirmək riskinin yüksək olması ilə əlaqəlidir.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 1-də uçot dərəcəsinin 0.5 faiz azaldılması haqqında qərar vermişdi. Bu, 9.75 faizdən 9.25 faizə endirilmişdi.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, Mərkəzi Bankın uçot dərəcəsini dəyişməsinin real iqtisadiyyata ciddi təsiri yoxdur.

“Çünki ölkədə zatən real iqtisadi institutlar formalaşmayıb. Ölkədə uçot dərəcəsi 3% olanda da bank kreditləri 20-30% arası idi, sonra qaldırıb 15% etdilər, yenə bank kreditlərinin faizi ciddi dəyişmədi, indi uçot dərəcəsi 9%-ə salınıb, yenə bank kreditlərinin faizində ciddi dəyişiklik gözlənilmir.
Mərkəzi Bankın uçot dərəcəsinin formallıq olduğunu göstərən daha bir amil odur ki, uçot dərəcəsi 9% olan ölkədə rəsmi inflyasiya 2,1% ola bilməz. Ona görə də çox da ciddiyə almayın, Elman Rüstəmov (Mərkəzi Bankın sədri) uçot dərəcəsi ilə oynayanda ciddi heç nə baş vermir," iqtisadçı qeyd edib.

XS
SM
MD
LG